Özünəqapanma halları dövlət əhəmiyyətli problemə çevrilməlidir - Psixoloqdan XƏBƏRDARLIQ

 18:23 05.05.2026     3098

Son dövrlərdə yeniyetmələr arasında özünəqapanma halları nəzərəçarpacaq dərəcədə artmaqdadır. Sosial münasibətlərdən uzaqlaşma, daxili dünyaya çəkilmə və emosiyaların paylaşılmaması bu tendensiyanın əsas göstəriciləri kimi çıxış edir.

Bəs yeniyetmələr niyə getdikcə daha çox süni intellektlə dərdləşməyə üstünlük verirlər? Bu meyil gələcəkdə onların psixoloji vəziyyətinə və sosial bacarıqlarına hansı təsirləri göstərə bilər?

Klinik psixoloq Gülşən Rüstəmova Redaktor.az-a açıqlamasında bildirdi ki, özünəqapanma halları son zamanlarda təkcə gənclərdə deyil, demək olar ki, insanların əksəriyyətində müşahidə olunur.

"İnsan öz koordinatına, yaşadığı mühitə, olduğu yerə, işinə, məktəbinə və ya ailəsinə özünü aid hesab etməyəndə daxilən özü ilə hesablaşmağa başlayır. Bu zaman o, ətrafı ilə deyil, özü ilə danışmağa üstünlük verir, özünə qapanır və özü üçün yeni maraq dairələri, fərqli istiqamətlər tapmağa çalışır. Süni intellekt barədə, təəssüf ki, məlumatımız müfəssəl deyil və bunun həyatımıza nəyə görə daxil olduğunu tam izah edən bir qaynaq yoxdur. Hazırda bu texnologiyaya yönəlmə daha çox bir axına qoşulma və kütlə psixologiyasından doğan bir maraq kimi görünür. Əslində isə insanlara izah etmək lazımdır ki, süni intellekt qlobal informasiyaların ixtisaslaşmış formada təqdim olunan konkret cavablarıdır. Burada fərdiliyə üstünlük verilmir, sadəcə sualınızın cavabı verilir".

Müsahibimiz əlavə etdi ki, əgər fərd özünü tanımırsa, temperamentini, xüsusiyyətlərini bilmirsə və özü haqqında yanlış informasiyaya sahibdirsə, süni intellektə yönləndirdiyi sual da onun əsl mənliyinə deyil, sadəcə düşündüyü obraza cavab olacaq:

"Bu isə müəyyən müddətdən sonra insanlarda frustrasiya, yəni dərin bir məyusluq yaradacaq. Özünəqapanma halını aradan qaldırmaq üçün fərdi məşğuliyyətlər kifayət etmir; bunun üçün daha genişmiqyaslı istiqamət lazımdır. Bu məsələ dövlət əhəmiyyətli bir mövzuya çevrilməli, müəyyən yaş qrupları üçün xüsusiləşdirilmiş və onların rahatlığını təmin edəcək sahələr yaradılmalıdır. Ünsiyyəti zəruri edən, insanların fikir mübadiləsi aparacağı və bir-biriləri ilə təmasda olacağı sistemlər qurulmalıdır. Bu problemi fərdi psixoloq seansları ilə müəyyən dərəcədə aktivləşdirmək mümkündür, lakin bütövlükdə bu, artıq ictimai xarakter daşıyan bir mövzudur".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən