Minatəmizləyən ailələrinə yeni sosial dəstək - Deputat yeniliklərdən DANIŞDI

 17:45 06.05.2026     324

"Cənab prezident tərəfindən imzalanmış fərmanlara əsasən minatəmizləyənlərin ailə üzvlərinin sosial təminatının genişləndirilməsi nəzərdə tutulub. Minatəmizləmə fəaliyyəti zamanı dünyasını dəyişən vətəndaşlarımızın övladları artıq prezident tərəfindən imzalanmış sənədə əsasən təhsil müəssisələrinə qəbul olunduqdan sonra ödənişli təhsil pilləsinə daxil olurlarsa, onların təhsil haqları dövlət tərəfindən ödəniləcək. Yəni bu o deməkdir ki, həmin vətəndaşlarımızın ailə üzvlərinin təhsil haqları tam olaraq dövlət tərəfindən qarşılanacaq. Bu da təbii ki, həmin ailələrin təhsilə çıxış imkanlarının artırılmasına, həmin ailə üzvlərinin təhsil xərclərinin dövlət tərəfindən qarşılanmasına gətirib çıxaracaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

O, həmçinin qeyd etdi ki, Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən minatəmizləyənlərin minatəmizləmə fəaliyyəti zamanı dünyasını dəyişdiyi halda onların yaxınları gəlir vergisində güzəştlərdən istifadə edəcəklər:

"Onların gəlir vergisi 400 manat azaldılacaq. Yəni praktik olaraq onların əməkhaqları gəlir vergisinə cəlb edilən zaman minimum əməkhaqqı məbləği qədər vəsaitin azaldılması həyata keçiriləcək. Bu da təbii ki, onların maaşlarının və gəlirlərinin artması baxımından vacibdir. Çünki gəlir vergisindən güzəştlər birbaşa həmin vətəndaşlarımızın gəlirlərinin artmasına, maaşlarının daha çox olmasına və vergi üçün hesablanmış vəsaitin həmin şəxslərin sərəncamında qalmasına imkan yaradacaq. Bu baxımdan təbii ki, bu, məhz həmin ailələrə dövlət dəstəyinin gücləndirilməsinə və eyni zamanda ölkədə sosial təminat tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən