"İnsan emosional olanda elə fikirləşir ki, sanki hər kəs ona qarşıdır" - Psixoloq
"Emosional olaraq insan zatən tək qalır. Yəni o, avtomatik düşüncələrinin reallığını sorğulaya bilmir və düşünür ki, hazırkı emosional halı onun doğru halıdır. Bəzən insan emosional olanda elə fikirləşir ki, sanki hər kəs ona qarşıdır. Empatiya hissi bağlanır və düşünür ki, həkim onu müəyyən müddət növbədə gözlədirsə, ona qarşı aqressiya formalaşdırır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirdi.
Onun sözlərinə görə, pasiyentlər anlamır ki, həkimin də zamana ehtiyacı var və həmin zaman çərçivəsində çıxış yolu tapmağa çalışır:
"Çünki həkim də insandır və onun da emosional vəziyyəti var. Qarşılıqlı aqressiv mühit formalaşsa, orada sağlam nəticə əldə etmək mümkün deyil. İnsan emosional olanda verdiyi qərarlar da doğru olmur. Çünki emosiya insanı çox vaxt yanlış qərarlara təhrik edir. Yəni emosional vəziyyətdə verilən qərarlar əksər hallarda səhv olur. İstər rəqəmsal dünyada, istər real həyatda emosional davranış sərgilənirsə, bu zaman mütləq problem yaranır. Çünki məsələlərə soyuqqanlı yanaşılmır, qarşı tərəfin fikirləri nəzərə alınmır və dialoq itir. Dialoq itən anda ünsiyyət də pozulur. Halbuki proses dialoqla başlayır. Şikayətlər normal şəkildə ifadə edildikdən sonra həkim ilkin anamnestik məlumatları toplayır və addım atmağa başlayır.
Pasiyentin psixoloji durumu gərgindirsə, stress halındadırsa, o, daha çox aqressiya nümayiş etdirir. Bu zaman həkimin əsas vəzifələrindən biri empatiya qurmaqdır. Bəzən sadə bir cümlə belə kifayət edir: “Mən sənin vəziyyətini başa düşürəm və sənin daha yaxşı olmağın üçün əlimdən gələni edəcəyəm”. Lakin qarşı tərəf emosional olduqda bu ifadəni belə adekvat qəbul etmir və aldadıldığını düşünə bilər. Halbuki belə deyil. Dövlətin müəyyən strategiyası, strukturu və sistemi var ki, istənilən halda müraciət edən pasiyentin sağlamlığı üçün addımlar atılsın. Hər şeyi etmək mümkün olmasa da, hər bir halda maksimum səviyyədə cəhd göstərmək mümkündür".
NURİYYƏ













