Təhsil sahəsində mühüm sosial addım - Deputat DANIŞDI

 19:06 07.05.2026     819

Minatəmizləmə zamanı həlak olanların övladları təhsil müəssisələrində ödənişli təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın təhsilimizə böyük diqqət və qayğı göstərdiklərinin şahidiyik:

"Müharibə iştirakçılarının övladlarının, şəhid övladlarının, ailə üzvlərinin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı cənab prezidentin müxtəlif sərəncamları, müxtəlif göstərişləri olub. Hesab edirəm ki, bu prosesdə minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi bu insanlara dövlətimizin növbəti diqqəti kimi qiymətləndirilməlidir. Eyni zamanda, bu, prezidentin rəhbərliyi ilə Azərbaycan müstəqilliyi yolunda canından keçən insanlara göstərilən yüksək, bariz diqqət və etimadın göstəricisidir. Bu insanların torpaqlarımızın minadan təmizlənməsində çox böyük əməyi və rolu var. Onların bu əməyinin qiymətləndirilməsi xüsusi önəm və əhəmiyyət kəsb edən bir məsələdir və bu prosesə töhfə verən məqamdır. Hesab edirəm ki, bu addım da çox yüksək qeyd olunmalı, təqdir olunmalıdır. Bu minatəmizləyənlər həyatlarını Azərbaycan xalqı yolunda qurban verirlər, həyatlarını itirirlər. Bu da prezidentin, dövlətimizin onlara növbəti diqqəti və qayğısıdır."

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən