“Maddi tələblər evlilikləri çətinləşdirir" - Sosioloqdan XƏBƏRDARLIQ

 19:30 07.05.2026     1170

"İnsanlığın bütün tarixi boyunca ailə mənəvi dəyərlər üzərində qurulan bir sistem, institut olub. Burada əsas meyarlar yalnız mənəvi dəyərlər olub. Lakin son dövrlərdə ailə qurulması meyarları dəyişib. Artıq gənclər müasir həyat tərzi və müasir psixologiya adı altında ailəni əsasən maddi dəyərlər üzərində qurmağa çalışırlar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında sosioloq Elçin Bayramlı səsləndirdi. Onun sözlərinə görə, istər toya qədər, istər toy mərasimində, istər toydan sonrakı bütün proseslər yalnız maddi dəyərlərə yönəlib:

"Dəbdəbə, zənginliyin nümayişi, müxtəlif şoular və hoqqalar o qədər böyük sosial-maddi xərclər yaradır ki, bir çox gənclər bu şərtlərlə evlənə bilmir. Əslində evliliklərin azalmasının ən azı 70–80%-i bu səbəbdəndir. Dünyanın heç bir ölkəsində ailə qurularkən bu qədər xərclər, dəbdəbələr və şoular tələb olunmur. Getdikcə toy mərasimi, hədiyyələr, cehiz, bahalı avadanlıqlar və aksesuarlar daha da zənginləşdirilir. Həyat tərzinin tələbləri də artır; evlənən tərəflər bir-birinə mütləq ev, bahalı avtomobil və ya biznes tələb edirlər".

Müsahibimiz bildirdi ki, sosial şəbəkələrdə dəfələrlə rayon və kəndlərdən belə hallar haqqında yazırlar:

"Məsələn, kənddə yaşayan qıza elçi gedəndə əsas tələb olunur ki, oğlanın Bakıda evi olmalıdır. Bu, anormal və gülünc bir vəziyyətdir. Belə psixologiya və şüur evliliklərin azalmasına səbəb olur. Toy xərclərini nəzərə alsaq, artıq bunları toy adlandırmaq olmaz, mən bunu şou mərasimi adlandırıram. Belə mərasimlərin təşkili üçün minimum 20–50 min manat pul tələb olunur. Bahalı qızıl dəstləri, gəlin paltarı, maşın və sayısız şoular gənc ailələrin qarşısında böyük maneə yaradır. Bu da evlilikləri çətinləşdirir və ailə institutunu sıradan çıxarır".

Sosioloq qeyd etdi ki, son 30 ildə evliliklərin sayı təxminən üç dəfə azalıb və bu, ciddi bir problemdir:

"Buna görə də ailə normal milli-mənəvi dəyərlər əsasında qurulmalıdır. Ailə quran şəxslər bir-birinin yalnız mənəvi keyfiyyətlərinə üstünlük verməli, maddiyyatı ikinci plana atmalıdır. Maddi tələblər və şoular kənara qoyularaq sağlam, əxlaqlı və düzgün ailə qurulmalıdır. Bəşəriyyətin və xalqımızın tarixi boyunca insanlar sadə qaydada evlilik aparıblar. Yeni ailə qurularkən valideynlər bəzi kömək göstərirlər, məsələn, cehiz formasında. Amma burada siyahı və tələb məcburi deyil, ailələrin gücü çatdığı qədər gənc ailəyə dəstək verilir. Bu, normal bir yanaşmadır. Lakin son dövrlərdə tələblər hədsiz yüksəldilib, yalnız zəngin şəxslər ailə qura bilir. Bu halda əhalinin yalnız 10%-i evlənə bilir, qalanları isə imkan tapa bilmir. Bu psixologiya və şüur milli-mənəvi dəyərlərimizi kənara atmağımızın nəticəsidir. Dünyada belə hallar yoxdur. Bütün normal ölkələrdə insanlar hər cür sosial və maddi imkanlardan rahatlıqla ailə qururlar. Bizdə isə toylar həddən artıq şişirdilib və dünyada analoqu yoxdur".

Həmsöhbətimizin fikrincə, əsasən bu tələblər qız tərəfindən irəli sürülür və həmin qızlar belə şərtlərlə evlənə bilmir:

"Çünki əhalinin yalnız 5%-i bu tələblərə cavab verir. Bu isə ailə institutunu dağıdır, evlilikləri azaldır, əhalinin sayına və yeni uşaq doğulmasına təsir edir, milli genofondumuzu zədələyir. Yeganə çıxış yolu əvvəlki milli-mənəvi dəyərlərə qayıtmaqdır. Gənclərimizi bu dəyərlər əsasında tərbiyə etməliyik. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Dəyərlərimizi itirdikcə problemlər artacaq və bu, ciddi demoqrafik və sosial faciəyə çevriləcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən