Türk dillərində qadın və kişi ayrı-seçkiliyi olmayıb - Deputat
"Gender bərabərliyi əslində Azərbaycan xalqının varlığının və tarixinin formalaşdığı dövrdən gələn davranış forması, sosial bərabərlik hadisəsidir. Buna əsas verən məqamlardan biri də, bəlkə, qrammatik gender məsələsidir. Azərbaycan dilində və ümumiyyətlə türk dillərində qadınları və kişiləri fərqləndirmək üçün ayrıca şəkilçilər nəzərdə tutulmayıb, hər kəs bərabər qəbul olunub. Amma bəzi dillərdə vaxtilə bu fərqləri göstərmək üçün xüsusi şəkilçilər yaradılıb".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının sonuncu iclasında deputat Hikmət Məmmədov bildirdi.
Onun sözlərinə görə, tarixi təkamül prosesində bu gün müəyyən dəyişikliklər baş verir:
"Hazırda ingilis dili mühitində gender anlayışı inkişaf etdikcə, dildəki bəzi gender şəkilçiləri ya istifadədən çıxır, ya da məhdudlaşır. Deməli, tarixi şüur kontekstində bizim gender bərabərliyimizin kökləri kifayət qədər qədimdir. Hazırda isə fəaliyyət göstərdiyimiz mühitdə baş verən proseslərə daha çox hüquqi tənzimləmə baxımından yanaşırıq. Bizdə gender bərabərliyi həm də sosiallıq, sosial bərabərlik hadisəsi kimi qiymətləndirilir. Sosial münasibətlərdə qarşılıqlı münasibətlərin və iştirakın müəyyənləşdirilməsi baxımından bu, çox vacib məsələdir. Qadınların müxtəlif sahələrdə iştirakının getdikcə artması, qanunvericilikdə gender bərabərliyini dəstəkləyən hüquqi bazanın formalaşdırılması bu istiqamətdə mühüm addımlardır. Çox istərdim ki, şəhər və regionlar üzrə gender bərabərliyi və gender problemləri ayrıca təhlil olunsun, regionlar arasında müqayisəli araşdırmalar aparılsın. Buna uyğun olaraq da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə proqramları müəyyənləşdirilsin".
NURİYYƏ













