"Cəmiyyətdə əxlaqsızlıq elementləri yayılıb, bəzi insanlar daha rahat həyat tərzinə meyil göstərirlər" - Fazil Mustafa

 17:23 03.06.2026     848

Bildiyimiz kimi, rəsmi statistikaya əsasən ölkəmizdə boşanmaların sayı çox, evlənənlərin sayı isə azdır. Bununla bağlı millət vəkili Ceyhun Məmmədov təklif edib ki, boşanmalar çətinləşdirilsin.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, boşanmaların çətinləşdirilməsi müəyyən təsir göstərə bilər:

"Lakin bu, eyni zamanda bəzi münasibətlərin daha da qəlizləşməsinə səbəb ola bilər. İnsanların belə bir hüququ var və bu hüququn qarşısında xüsusi maneələr yaratmaq olduqca çətin məsələdir. Onsuz da boşanma proseduru müəyyən qədər çətinləşdirilib. Məsələn, mediasiya qurumları vasitəsilə prosesin müəyyən qədər gecikdirilməsi mexanizmi mövcuddur. Daha sonra məsələ məhkəməyə çıxarılır. Bütün bunlar müəyyən mərhələlərdir və müəyyən dərəcədə boşanmaların qarşısının alınmasına xidmət edir. Amma bu yetərli olmayacaq. Çünki cəmiyyətdə ilk növbədə mədəni münasibətlər problemi var, insan münasibətlərində problemlər mövcuddur. Təkcə ər-arvad münasibətlərində aqressiya müşahidə olunmur. Eyni aqressiyanı sürücü ilə vətəndaş arasında, taksi sürücüsü ilə sərnişin arasında, yaxud avtobus sürücüsü ilə sərnişin arasında da görürük. Sosial şəbəkələrdə də insanlar bəzən səbəbli və ya səbəbsiz şəkildə narazılıqlarını kütləvi formada ifadə edir, müəyyən aqressiya nümayiş etdirirlər. Bu da təsadüfi deyil".

Millət vəkili qeyd etdi ki, bu, cəmiyyətin bütün təbəqələrini əhatə edə biləcək bir problemdir:

"Ona görə də məncə, boşanmaların qarşısını almaq üçün yaxşı ailə nümunələrinin təbliği çox vacibdir. Televiziyalarda və sosial şəbəkələrdə sağlam ailə modelləri insanlara təqdim oluna və təbliğ edilə bilər. Bunun təhsillə bağlı tərəfi də var. Təhsilsiz insanların böyük əksəriyyəti ailədaxili münasibətlərdə kompromis tapmaqda, uyğunluq yaratmaqda daha çox çətinlik çəkirlər. Digər tərəfdən, müəyyən əxlaqsızlıq elementləri də cəmiyyətdə xeyli yayılıb. Bəzi insanlar daha rahat və məsuliyyətsiz həyat tərzinə meyil göstərirlər. Çətinliklərə dözmək və onların öhdəsindən gəlmək istəyənlərin sayı isə azdır. Halbuki ailə həyatı müəyyən çətinliklərə dözməkdən, qarşılıqlı güzəştlərdən, kompromisdən və sevgidən ibarətdir. Bunlar olmadıqca, boşanmaların qarşısını sadəcə prosesi çətinləşdirməklə almaq mümkün olmayacaq. Bununla belə, hər bir təklifə hörmətlə yanaşmaq lazımdır. Çünki bu, cəmiyyətin geniş müzakirəsindən keçməli olan bir məsələdir. Hər kəs öz fikrini bildirdikcə, nəticədə daha ağıllı və ortaq bir qənaətə gəlmək mümkündür".

Müsahibimizin fikrincə, bütün hallarda bu vəziyyət ölkədə ailə institutunun müəyyən dərəcədə zədələndiyini göstərən əsas əlamətlərdən biridir və bunun həlli yollarını mütləq tapmaq lazımdır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən