“Məsafəyə görə ödəniş sistemi hələ gündəmdə deyil” - Eldəniz Cəfərov

 19:35 03.06.2026     723

"Nəqliyyat sistemində hazırda rəqəmsallaşma prosesi çox sürətlə həyata keçirilir. Müxtəlif tətbiqlər və proqramlar istifadəyə verilib. Burada əsas məqsədlərdən biri sərnişindaşıma xidmətlərini keyfiyyətcə yeni mərhələyə qaldırmaq, daha təhlükəsiz, daha sürətli və daha səmərəli daşımanı təmin etməkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov səsləndirdi.

Onun sözlərinə görə, bank kartları ilə ödənişlərin həyata keçirilməsi, ödəniş zamanı marşrut xəttinin göstərilməsi, nəqliyyat vasitəsinin və ya sərnişinin hansı stansiyada olduğuna dair məlumatların təqdim edilməsi kimi yeniliklər gələcək üçün yaxşı zəmin yaradır:

"Bu, perspektivdə brutto müqavilələrinə keçid dövründə müasir texnologiyalardan daha geniş istifadə etməyə imkan verəcək. Lakin bu gün demək olmaz ki, tətbiq olunan yeni rəqəmsal layihələr yaxın gələcəkdə məsafəyə görə ödəniş sisteminə keçid üçün birbaşa əsas yaradır. Əlbəttə, müəyyən mənada zəmin ola bilər, amma hazırda məsafəyə görə ödəniş məsələsi gündəmdə deyil. Bu istiqamətdə müzakirələr aparılır, lakin konkret qərar yoxdur. Çünki bunun texniki həlli ilə yanaşı, digər mühüm məsələlər də öz həllini tapmalıdır. Sosial ədalət prinsipi pozulmamalı, daşıyıcı şirkətlər zərər görməməli və eyni zamanda vətəndaşlar da bu dəyişikliklərdən faydalana bilməlidirlər. Bu məsələlərin həlli üçün isə hələ müəyyən vaxt tələb olunur".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən