“Bu yenilik məsafəyə görə ödəniş sisteminə hazırlıqdır” - AÇIQLAMA

 19:33 03.06.2026     384

Bildiyimiz kimi, artıq bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə əməliyyatın aid olduğu marşrut xətti və ya metro stansiyası məlumatı əks olunacaq.

Bəs bu yenilik gələcəkdə məsafəyə görə ödənişin olunmasının ilk addımı kimi dəyərləndirilə bilərmi?

Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə marşrut xətti və ya metro stansiyası məlumatlarının əks olunması ilk baxışdan sadə texniki yenilik kimi görünsə də, əslində, ictimai nəqliyyatın rəqəmsallaşdırılması və məlumat əsaslı idarə olunması baxımından mühüm addımdır:

"Bu yenilik sərnişin daşımaları ilə bağlı daha dəqiq statistikanın toplanmasına, sərnişin axınının analizinə və nəqliyyat şəbəkəsinin daha səmərəli planlaşdırılmasına imkan yaradır. Bir çox ölkələrdə tətbiq olunan məsafəyə əsaslanan tarif sistemi məhz sərnişinin hansı marşrutdan, hansı stansiyadan və nə qədər məsafədə istifadə etdiyinin müəyyənləşdirilməsi üzərində qurulub. Bu baxımdan qəbzlərdə marşrut və ya stansiya məlumatlarının göstərilməsi gələcəkdə belə bir sistemin tətbiqi üçün zəruri məlumat bazasının formalaşdırılmasına xidmət edə bilər. Toplanan məlumatlar vasitəsilə hansı marşrutlarda sərnişin sıxlığının daha yüksək olduğu, hansı istiqamətlərdə əlavə nəqliyyat vasitələrinə ehtiyac yarandığı və günün müxtəlif saatlarında sərnişin axınının necə dəyişdiyi daha dəqiq müəyyən edilə bilər".

Müsahibimizin fikrincə, məsafəyə görə ödəniş modelinin əsas üstünlüklərindən biri tariflərin daha ədalətli hesab edilməsidir:

"Bu sistemdə qısa məsafə qət edən sərnişin uzun məsafə gedən sərnişinlə eyni məbləği ödəmir və nəticədə ödəniş istifadə olunan xidmətin həcminə uyğun formalaşır. Digər tərəfdən, belə bir sistemin tətbiqi yalnız qəbzlərdə məlumatların göstərilməsi ilə mümkün deyil. Bunun üçün sərnişinin həm minmə, həm də enmə nöqtələrinin qeydiyyatını təmin edən texniki infrastruktur yaradılmalı, elektron ödəniş sistemi təkmilləşdirilməli və müvafiq hüquqi tənzimləmələr həyata keçirilməlidir. Buna görə də hazırkı yeniliyi məsafəyə görə ödəniş sisteminin yaxın zamanda tətbiq ediləcəyinin göstəricisi kimi deyil, həmin istiqamətdə atılmış mühüm hazırlıq mərhələlərindən biri kimi qiymətləndirmək daha doğru olar. Uzunmüddətli perspektivdə isə bu cür rəqəmsal həllər daha çevik, şəffaf və ədalətli tarif modelinin formalaşdırılmasına zəmin yarada bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən