Peyvənd olunmayan uşaqlar risk altındadır - Tanınmış pediatrdan XƏBƏRDARLIQ

 19:18 05.06.2026     1211

"Ebola virusu ölkəmiz üçün əslində yüksək risk hesab edilmir".

Bunu həkim-pediatr Şəlalə Poluxova Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, ebolanın yayılma ehtimalı çox aşağıdır:

"Çünki virus əsasən yoluxmuş şəxsin qanı və ya digər bədən mayeləri ilə yaxın təmas zamanı insana keçir. Yəni bu, digər bəzi viruslar kimi sosial təmas və ya hava-damcı yolu ilə yayılan virus deyil. Ümumiyyətlə, müxtəlif adlarla yeni virusların meydana çıxması normal haldır. Təbii ki, bu, valideynlərdə müəyyən narahatlıq yarada bilər. Ancaq valideynlərin bilməli olduğu əsas məqam odur ki, digər viruslarda olduğu kimi, qorunma tədbirləri dəyişməz olaraq qalır. Birinci növbədə peyvənd məsələsini qeyd etmək lazımdır. Biz hər zaman vurğulayırıq ki, uşaqlar milli peyvənd təqviminə uyğun şəkildə vaksinasiya olunmalıdırlar".

Müsahibimizin sözlərinə görə, peyvəndlər qarşısı alına bilən bir çox ağır və ölümcül infeksiyalardan uşaqları qoruyan ən güclü vasitələrdən biridir:

"Təəssüf ki, hazırda ebola virusunu müzakirə etsək də, qızılca, göyöskürək və digər xəstəliklərə qarşı peyvənd olunmayan uşaqların sayının artması səbəbindən həmin infeksiyalara yenidən rast gəlməyə başlayırıq. Bu xəstəliklərin yayılması əvvəlki dövrlərlə müqayisədə artmaqdadır. Digər mühüm məsələ əl gigiyenasıdır. Əllər mütəmadi olaraq sabunla yuyulmalıdır. Xüsusilə yeməkdən əvvəl və tualetdən sonra buna diqqət yetirilməlidir. Biz bunu daim vurğulayırıq və valideynlərə tövsiyə edirik ki, uşaqlara bu vərdişi aşılansınlar. Çox sadə görünsə də, bu, infeksiyaların yayılma riskini əhəmiyyətli dərəcədə azaldan əsas amillərdən biridir. Xəstə insanlarla yaxın təmasdan mümkün qədər qaçmaq, qapalı məkanlarda uzun müddət qalmamaq məsləhətdir. Uşaqların açıq havada daha çox vaxt keçirməsi faydalıdır. Sağlam qidalanma da hər zaman olduğu kimi sağlamlığın təməlidir. Meyvə və tərəvəzlərlə, zülallarla, mikroelementlərlə və faydalı yağlarla zəngin balanslı qidalanma immun sisteminin normal fəaliyyəti üçün vacib amillərdəndir".

Pediatr yuxu rejiminin də böyük əhəmiyyət daşıdığını vurğuladı:

"Bunu daim vurğulayırıq. Təkrar kimi görünsə də, yaşa uyğun yuxu müddəti immun cavabın formalaşmasında mühüm rol oynayır. Digər vacib məqamlardan biri fiziki aktivlik və idmanla məşğul olmaqdır. Uşaqlar idmanla məşğul olmalı, açıq havada fiziki aktivlik göstərməli və mümkün qədər çox vaxt keçirməlidirlər. Bütün bunlar sağlamlığa müsbət təsir göstərən amillərdir. Ümumiyyətlə, immun sistemini zəiflədən əsas faktorlardan biri də müxtəlif zərərli təsirlərə məruz qalmaqdır. Məsələn, passiv siqaret tüstüsünə məruz qalma orqanizmin və tənəffüs yollarının müdafiə mexanizmlərini zəiflədə bilər. Buna görə də valideynlər uşaqları, xüsusilə allergik uşaqları passiv siqaret tüstüsünə məruz qoymamağa çalışmalıdırlar. Valideynlərin bilməli olduğu vacib məqamlardan biri də budur ki, onlar çox vaxt həkimlərdən immuniteti möcüzəvi şəkildə gücləndirən xüsusi vitaminlər, əlavələr və ya preparatlar gözləyirlər. Lakin sağlam uşaqlarda bu vasitələrin ciddi və sübut olunmuş təsiri yoxdur. İmmun sisteminin ən düzgün dəstəyi sağlam həyat tərzi, düzgün qidalanma, kifayət qədər yuxu və peyvəndlərdir. Bütün bunların məcmusu immun sisteminin sağlam şəkildə fəaliyyət göstərməsinin əsasını təşkil edir. Əgər uşaqlar tez-tez infeksiyalara yoluxursa, xəstəliklər uzun müddət davam edirsə və ya qeyri-adi gedişat müşahidə olunursa, mütləq pediatrla məsləhətləşmək lazımdır. Uşaq həkim müayinəsindən keçməli və vəziyyəti qiymətləndirilməlidir. Bir sözlə, yeni viruslar diqqətli olmağı tələb etsə də, valideynlərin panikaya düşməsi üçün heç bir əsas yoxdur. Uşaqlarda sadalanan amillərə diqqət yetirilməlidir. Elmi cəhətdən sübut olunmuş məhz bu tədbirlər immun sisteminin qorunmasında və sağlamlığın dəstəklənməsində əsas rol oynayır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən