Köhnə binalar daha möhkəmdir, yoxsa yeni tikililər daha təhlükəsiz? - Ekspert AÇIQLADI
Bildiyimiz kimi, insanlar yeni mənzil alarkən çox vaxt yeni tikili və köhnə tikili binalar arasında seçim etməli olurlar. Bu məsələdə fərqli fikirlər mövcuddur. Bəzi insanlar köhnə binaların daha möhkəm və dayanıqlı olduğunu, digərləri isə yeni tikililərin müasir standartlara uyğun inşa edildiyi üçün daha etibarlı hesab edildiyini düşünürlər.
Bəs isanlar mənzil seçərkən hansı amillərə daha çox diqqət yetirməlidirlər? Binanın yaşı daha vacibdir, yoxsa tikinti keyfiyyəti, istifadə olunan materiallar və təhlükəsizlik standartları?
Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, Azərbaycanda 1970-ci ildən əvvəl inşa olunmuş bütün yaşayış fondunun istismar müddəti başa çatıb və bu binalar yaşayış üçün müasir standartlara tam cavab vermir.
"Nəzərə almaq lazımdır ki, ölkədə faktiki olaraq 20 mindən çox çoxmənzilli bina var ki, onların istismar müddəti bitib və müasir standartlara cavab vermir. Bundan əlavə, sovet dövründə inşa olunmuş digər binaların da əksəriyyəti kifayət qədər aşınıb. Bu binalarda əsaslı təmir işləri çox məhdud həcmdə aparılıb. Yəni belə binalardan mənzil alan şəxs onu da nəzərə almalıdır ki, istər 10 il, istərsə də 20 il yaşasın, həmin tikililər zaman keçdikcə daha çox aşınmaya məruz qalacaq".

Ekspert qeyd etdi ki, yeni tikililərlə bağlı müəyyən tərəddüdlər və narahatlıqlar da mövcuddur:
"Buna müxtəlif şayiələr və ayrı-ayrı hadisələr təsir göstərir. Məsələn, bir neçə il əvvəl Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çox sayda insan həyatını itirdi. Bu hadisələri görən insanlar da yeni tikililərlə bağlı ehtiyatlı davranırlar. Amma faktiki olaraq, ölkəmizdə 2006-cı ildən etibarən Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət mexanizmi tətbiq olunur və bu sahədə ciddi yoxlamalar aparılır. İstismara qəbul edilməyən binalarda yaşayışla bağlı müəyyən risklər mövcud ola bilər. Lakin dövlət tərəfindən istismara qəbul edilmiş binalarda yaşayış üçün hər hansı risk yoxdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2012-ci ildən sonra nəzarət mexanizmləri daha da gücləndirilib və standartların tətbiqi xüsusi nəzarət altında həyata keçirilir. Növbəti ciddi mərhələ isə 2018-ci ildən başlayıb və bu gün də davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni inşa olunan binalara tətbiq etdiyi normativlər və nəzarət mexanizmləri olduqca sərtdir. Bu baxımdan, xüsusilə 2012-ci ildən və daha sonra 2018-ci ildən sonra inşa olunmuş, ən əsası isə istismara qəbul edilmiş binalarda yaşayış üçün hər hansı riskin olmadığını söyləmək olar".
Həmsöhbətimizin sözlərinə görə ölkədə kifayət qədər geniş köhnə yaşayış fondu mövcuddur və həmin fondun aşınma səviyyəsi ildən-ilə artır.
"İstismar müddəti başa çatmış 20 mindən çox binanın olması kifayət qədər ciddi göstəricidir. Onların içərisində 1100 bina artıq qəzalı və yaşayış üçün təhlükəli bina kimi qeydə alınıb".
Xədicə BAXIŞLI













