Onlayn oyunlarda yaş məhdudiyyəti və valideyn nəzarəti icbari ola bilər - Mütəxəssis DANIŞDI
Milli Məclisin komitə iclasında Ombudsman Səbinə Əliyeva diqqətə çatdırıb ki, Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır.
O qeyd edib ki, dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir.
Bəs onlayn oyunlara nəzarət necə gücləndirilə və hansı mexanizimlər tətbiq edilə bilər?
Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov qeyd etdi ki, bu sahədə nəzarəti gücləndirmək üçün ilk növbədə qlobal miqyasda qəbul olunmuş "PEGI" (videooyunları məzmunlarına görə müxtəlif yaş qruplarına ayıran və valideynlərə oyun seçimində bələdçilik edən rəsmi yaş reytinqi" və ya "ESRB" (kompüter və videooyunların məzmununu təhlil edərək yaş kateqoriyalarına və məzmuna görə sinifləndirən Amerika mərkəzli təşkilat) kimi beynəlxalq yaş reytinqi standartlarının daxili qanunvericiliyə uyğunlaşdırılması zəruridir:

"Oyunların yaş senzlərinə görə təsnifləşdirilməsi və provayderlər tərəfindən müvafiq daxilolma filtrlərinin qurulması, uşaqların fiziki və psixoloji sağlamlığını rəqəmsal mühitdə qorumaq üçün effektiv bir preventiv təhlükəsizlik yanaşması formalaşdırır.
Praktik tətbiq müstəvisində isə oyun tərtibatçıları və provayderlər tərəfindən valideyn nəzarəti alətlərinin (Parental Control) tətbiqi icbari xarakter daşımalıdır. Bu mexanizm vasitəsilə valideynlər uşaqların oyunda keçirdiyi vaxt limitini tənzimləyə və daxili ünsiyyət funksiyalarını məhdudlaşdıra bilərlər. Eyni zamanda, oyun daxili satınalmalar zamanı valideyn təsdiqi tələb edən maliyyə filtrlərinin qurulması və Azərbaycan dilində təhqir, bulinq və ya şübhəli yönləndirmələri real vaxt rejimində təsbit edib bloklayan daxili süni intellekt alqoritmlərinin inteqrasiyası bu platformaların yaratdığı riskləri minimuma endirmək baxımından ən effektiv üsullardır".
Aytəkin TOFİQQIZI













