Mərkəzi Bankdan sürücüləri şoka salan dəyişiklik - Ekspert aydınlıq GƏTİRDİ

 23:43 09.06.2026     648

Azərbaycanda avtomobillərin etibarnamə əsasında idarə olunması və hətta alqı-satqısı geniş yayılmış təcrübələrdən biridir. İndiyədək bəzi sürücülər qəza tarixçəsinə görə artan sığorta haqlarından yayınmaq məqsədilə nəqliyyat vasitələrini digər şəxslərin adına etibarnamə ilə rəsmiləşdirirdilər. Lakin Mərkəzi Bankın yeni qərarı ilə bu sahədə mühüm dəyişiklik edilir. Belə ki, 16 iyun 2026-cı ildən etibarən avtomobili idarə etmək hüququ olan bir neçə şəxs olduqda, onların arasında ən yüksək risk göstəricisinə malik sürücünün sığorta tarixçəsi nəzərə alınacaq. Bu yenilik həm sığorta sistemində şəffaflığın artırılması, həm də məsuliyyətdən yayınma hallarının qarşısının alınması məqsədi daşıyır.

Bəs bu dəyişiklik sürücülərin məsuliyyət hissinin artmasına təsir göstərəcəkmi? Bu dəyişiklik nəticəsində sürücülərin ödəyəcəyi sığorta haqlarında ciddi artım gözlənilirmi?

Nəqliyyat eksperti Adil Nəbiyev Redaktor.az-a bildirdi ki, bu dəyişiklik, ilk növbədə, sürücülərin məsuliyyət hissinin artmasına müsbət təsir göstərə bilər:

“Çünki indiyədək bəzi hallarda yüksək qəza tarixçəsinə malik sürücülər avtomobili başqa şəxsin adına rəsmiləşdirərək və ya etibarnamə ilə idarə edərək daha aşağı sığorta haqqı ödəyə bilirdilər. Yeni qaydalara əsasən isə avtomobili idarə etmək hüququ olan şəxslər arasında ən yüksək risk göstəricisinə malik sürücünün tarixçəsi nəzərə alınacaq. Bu yanaşma sürücüləri yol hərəkəti qaydalarına daha ciddi əməl etməyə, qəzalardan yayınmağa və sığorta tarixçələrini qorumağa təşviq edəcək. Digər tərəfdən, bu yenilik sığorta sistemində daha böyük şəffaflıq və ədalətlilik yaradacaq. Çünki sığorta haqqı artıq avtomobildən faktiki istifadə edən sürücülərin risk səviyyəsinə uyğun müəyyənləşdiriləcək. Nəticədə aşağı riskli sürücülərlə yüksək riskli sürücülər arasında daha obyektiv fərq qoyulacaq”.

Müsahibimiz qeyd etdi ki, sığorta haqlarının artmasına gəldikdə, bunun bütün sürücülərə aid olacağını söyləmək doğru olmaz:

“Qəza tarixçəsi yaxşı olan, yol hərəkəti qaydalarını pozmayan və risk göstəricisi aşağı olan sürücülər üçün ciddi dəyişiklik gözlənilmir. Lakin avtomobili mütəmadi olaraq yüksək risk qrupuna daxil olan və ya əvvəllər qəzalarda iştirak etmiş şəxslərin idarə etdiyi hallarda sığorta haqqının artması mümkündür. Bu da əslində riskə uyğun qiymətləndirmə prinsipinin tətbiqidir. Ümumilikdə, bu dəyişiklik məsuliyyətdən yayınma hallarının qarşısının alınmasına, sığorta bazarında daha ədalətli yanaşmanın formalaşmasına və yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən