“Mobil nömrə və ya bank kartı ilə yaş yoxlanışı tam etibarlı mexanizm deyil” - Ekspert

 19:17 10.06.2026     636

Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 16 yaşadək şəxslərin müəyyən sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması, 16-18 yaş qrupu üçün isə valideyn razılığı və nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, yaşın müəyyənləşdirilməsi, istifadəçilərin identifikasiyası və fərdi məlumatların qorunması ilə bağlı müxtəlif suallar da gündəmə gəlib.

Bu yaş məhdudiyyətinin texniki baxımdan effektiv şəkildə tətbiq olunması nə dərəcədə mümkündür? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan marketinq üzrə mütəxəssis Vüsalə Tağıyeva bildirdi ki, yaş məhdudiyyətinin texniki baxımdan tam effektiv şəkildə tətbiqi kifayət qədər çətin olacaq:

"Mobil nömrə, elektron poçt və ya bank kartı vasitəsilə yaşın yoxlanılması müəyyən nəzarət imkanları yaratsa da, bu mexanizmlərin heç biri təkbaşına yüz faiz etibarlı hesab oluna bilməz. Üstəlik, yaşın təsdiqi üçün əlavə məlumatların toplanması fərdi məlumatların qorunması ilə bağlı yeni suallar da yarada bilər. Bir valideyn, marketoloq və kontent yaradıcısı olaraq hesab edirəm ki, burada əsas məsələ uşağın sosial şəbəkədə hesab açıb-açmaması deyil. Əsas məsələ onun rəqəmsal mühitdə necə davranacağını, hansı risklərlə qarşılaşa biləcəyini və bu riskləri necə idarə etməyi öyrənməsidir. Valideyn olaraq təlqin etməyə çalışdığım bir yanaşma da odur ki, valideyn olaraq mənim vəzifəm övladımın qarşılaşacağı bütün riskləri aradan qaldırmaq deyil, onu həmin risklərlə üzləşərkən doğru qərarları verməsi adına onda bir "mindset" (insanın düşüncə tərzi, dünyaya və hadisələrə yanaşma forması - red.) formalaşdırmaqdır. Daha sonra isə övladlarımızı “fərqində olan fərd" olaraq yetişdirməliyik. “Nəyi necə istifadə etmək lazımdır?!” məsələsini ilk biz həll etməliyik. Məncə, bugünkü rəqəmsal dünyada da eyni prinsip keçərlidir".

Müsahibimiz qeyd etdi ki, sosial şəbəkələrlə bağlı məhdudiyyətlər müəyyən qoruyucu rol oynaya bilər. Lakin onun sözlərinə görə, uzunmüddətli nəticə üçün qadağalarla yanaşı rəqəmsal savadlılığın artırılması, valideynlərin bu prosesdə aktiv iştirakının təmin edilməsi və platformaların uşaqlar üçün daha təhlükəsiz mühit yaratmağa təşviq olunması daha uzunmüddətli həll kimi görünür:

"Məqsəd uşaqları internetdən tam uzaqlaşdırmaq deyil. Məqsəd onları rəqəmsal dünyada məsuliyyətli qərarlar verə bilən, təhlükələri tanıyan və özünü qoruya bilən fərdlər kimi yetişdirmək olmalıdır. Məncə, bu müzakirənin mərkəzində də məhz bu yanaşma dayanmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən