Sürücülər çaşqınlıq içində - Ekspert: "Bakıda tətbiq olunan bəzi nişanlar qanunda yoxdur"

 12:56 11.06.2026     817

"Yol nişanları və Avropa standartlarına uyğun yeni nişanlama xətləri tətbiq olunur. Məsələn, bufer rolunu oynayan yarımarkolar var. İki arkonun arasında avtomobillər dayanır, velosiped zolağından sonrakı zolaqda. Digər avtomobillər də onların yanından keçib gedə bilir. Yəni həmin nişanlama avtomobillər üçün xüsusi bir yer nəzərdə tutur".

Bu barədə Redaktor.az-a açıqlamasında sürücülük üzrə mütəxəssis Azər Quliyev bildirdi. Onun sözlərinə görə, Azərbaycanda isə həmin nişanlama xətti yoxdur:

"Qanuna əlavə edilməyib. Yaxud elə nişanlama xətləri var ki, Bakıda görürəm, qanunda yoxdur, amma müştərək zolaq kimi tətbiq olunur. Məsələn, həm piyada zolağıdır, həm də velosiped zolağı. Eyni nişanın üzərində həm velosiped, həm də piyada təsviri var. Azərbaycanda "Yol hərəkəti haqqında" Qanunun 65-ci maddəsində həmin nişan barədə məlumat yoxdur, amma reallıqda tətbiq olunur. Bunu bilməyən sürücü, imtahan verən sürücü həmin nişanı görəndə onu tanımaya bilər. Həmin nişanlama xəttini də anlaya bilməz ki, hansı hallarda onu kəsmək olar, hansı hallarda olmaz. Bunun üçün xüsusi mütəxəssislərin yollarda bunları izah etməsinə ehtiyac var. Mən də öz sahəm olduğu üçün bunu təmənnasız edirəm. Yolda gördüyüm nöqsanları da işıqlandırıram ki, bəzi nişanlar dəyişdirilməlidir, bu cür olmamalıdır. Sonra həmin yoldan təkrar keçəndə dəyişiklikləri görürəm. Məsələn, Biləsuvar rayonunda bir svetoforun əlavə bölməsi gah sönür, gah da yanırdı və bu, çaşqınlıq yaradırdı. Mən bunu çəkəndən sonra məsələ geniş yayıldı və artıq bir neçə gün sonra Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gəlib həmin svetoforu dəyişdirdilər, əlavə bölməni daimi yaşıl etdilər. Yaxud Əhməd Rəcəbli küçəsində sağa hərəkət üçün əlavə bölmənin yuxarıda tətbiq olunduğunu çəkmişdim. Dedim ki, bu, qırmızı işığın sağ tərəfində olmalıdır. Həmin gün o yoldan keçəndə gördüm ki, əlavə bölməni artıq sağ tərəfdə yerləşdiriblər".

Müsahibimiz vurğuladı ki, o, Bakıda yaşamır, amma Bakıda çəkdiyi yerlərdən təkrar keçəndə bəzi dəyişiklikləri görür.

"Məsələn, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları da mənim paylaşımlarımı izləyirlər, "WhatsApp" vasitəsilə mənə yazırlar. Onlar da mütəmadi olaraq bildirirlər ki, bəzi nöqsanlar doğrudan da var və bunlar onlardan əvvəlki dövrdə tətbiq olunub. Çalışdıqları qədər həmin nöqsanları aradan qaldırırlar. Elə hallarda mənimlə əlaqə saxlamamı, məlumatı onlara verməyimi xahiş edirlər. Yaxud məndən soruşurlar ki, bu svetofor harada quraşdırılıb. Mən də yerini deyirəm. Sonra həmin ərazidə dəyişikliklər aparırlar. Bir dəfə piyada svetoforunun üzərində düz və sağ istiqaməti göstərən oxlar yerləşdirmişdilər. Dedim ki, əgər bu svetofor piyadaların hərəkətini tənzimləyirsə, üzərində düz istiqaməti göstərən oxun olmasının nə mənası var? Bu svetofora görə gözləyirik ki, piyada keçsin, sonra hərəkət edək. Burada istiqaməti niyə göstərirlər? Axı bura yolayrıcı deyil. Yəni svetofor səhv quraşdırılmışdı. Sonradan onu dəyişdirdilər. Çox vaxt görürəm ki, məsələ geniş ictimai müzakirəyə çıxan kimi həmin çatışmazlıqlar aradan qaldırılır", - deyə A.Quliyev bildirdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən