Meyvə-tərəvəzin bahalığının arxasında kimlər dayanır? - Ekspertdən ŞOK İDDİA
Bildiyimiz kimi, artıq yay mövsümüdür və mövsümi meyvə-tərəvəzlərin bazara çıxarıldığı dövrdür. Lakin buna baxmayaraq, bazarlarda qiymətlərdə ciddi ucuzlaşma müşahidə olunmur. Hətta bəzi mövsüm meyvələrinin qiymətləri əvvəlki səviyyədə qalmaqda davam edir.
Bəs bunun əsas səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, məhsulların şəhərlərə çatdırılmasında istifadə olunan yol xərcləri, məhsulun maya dəyərinin üzərinə gələn əlavə xərclər, işçi qüvvəsinə çəkilən xərc, həmçinin məhsulların yetişdirilməsi zamanı istifadə olunan gübrələrin dəyəri və məhsulun yığılması ilə bağlı xərclər mövcuddur:
"Bütün bu xərclər məhsulun üzərinə əlavə olunduqdan sonra onun maya dəyəri formalaşır. Daha sonra həmin maya dəyərinə uyğun bazar qiyməti müəyyən edilir. Məhsulun bazar qiyməti formalaşdıqdan sonra isə o, şəhərlərdəki satış nöqtələrinə çatdırılır və istehlakçılara təqdim olunur. Məsələnin görünən tərəfi budur. Lakin burada mövsümün gəlməsinə, mövsümi məhsulların yetişib satışa çıxarılmasına baxmayaraq, gözə görünməyən tərəflər və görünməyən xərclər də var. Təəssüf ki, bu gün həmin xərclər hələ də müəyyən dairələr tərəfindən sanki zəruri bir öhdəlik kimi qəbul olunur. Söhbət satış nöqtələri ilə fermerlər arasında fəaliyyət göstərən vasitəçilərdən, başqa sözlə, dəllallardan gedir. Burada ikinci və üçüncü şəxslər meydana çıxır. Onlar məhsulu alaraq öz əllərində cəmləşdirirlər. İstər meyvə-tərəvəz bazarında, istərsə də heyvan mənşəli məhsulların satıldığı bazarlarda və satış məntəqələrində elə bir təsəvvür yaradılır ki, guya məhsulun satış distribütoru yalnız onlar ola bilərlər və məhsulu yalnız onların vasitəsilə almaq mümkündür. Məsələn, əgər mən Göyçaya, Xaçmaza, Şəmkirə və ya başqa bir rayona pomidor almaq və onun ticarətini həyata keçirmək məqsədilə gedirəmsə, mütləq şəkildə orada bu işə nəzarət edən bir vasitəçi ilə qarşılaşıram. Sanki hər kiloqram pomidorun üzərinə 20, 30 və ya 40 qəpik əlavə qazanc əldə etməli olan xüsusi bir şəxs var".
Müsahibimiz əlavə etdi ki, bu vasitəçilər heç bir vergi ödəmədən gəlir əldə edən, rəsmi qeydiyyatı olmayan və yalnız dəllallıq fəaliyyəti ilə məşğul olan şəxslər bazarda mövcud olduqları müddətdə qiymətləri tənzimləmək mümkün olmayacaq:
"Onlar şəhərlə kənd arasında əlaqələndirici şəxs kimi görünməyə çalışsalar da, əslində yalnız öz maraqlarına xidmət edən işbazlardır. Bu səbəbdən şəhərlərdə fəaliyyət göstərən satış məntəqələri öz nümayəndələrini birbaşa fermerlərin yanına göndərməli, onlarla birbaşa əlaqə qurmalıdırlar. Əks halda, sifarişlərin vasitəçilər üzərindən qəbul olunması davam etdikcə, bu vəziyyət qiymətlərə də öz təsirini göstərəcək. Bu gün dəfələrlə şahidi oluruq ki, kəndlərdə fermerlər etiraz edirlər: soğan əllərində qalıb, kartof əllərində qalıb, xiyar-pomidor satılmır, qarpız mövsümü gəlib, amma məhsul yenə də sahələrdə qalır. Fermer qarpızı 20-30 qəpiyə sata bilmir, amma şəhərlərdə həmin qarpızın kiloqramı 1 manat 50 qəpik, hətta 2 manata təklif olunur".
Ekspertin fikrincə, səbəb ondan ibarətdir ki, satış nöqtələri məhsulun istehsal olunduğu sahələrə birbaşa getmirlər.
"Aradakı həmin vasitəçilər, yəni dəllallar fermerlərə elə aşağı qiymətlər təklif edirlər ki, fermer ya məhsulunu həmin qiymətə satmağa məcbur olur, ya da məhsulunu sahədə saxlamaq və onun xarab olmasına razılaşmaq məcburiyyətində qalır. Onların məntiqi belə olur: “Ya məhsulu bu qiymətə mənə satmalısan, mən onu kənddən alıb şəhərdəki satış nöqtələrində satacağam, ya da məhsulun öz sahəndə qalacaq və xarab olacaq”. Nəticədə isə həm fermer zərər çəkir, həm də istehlakçı məhsulu real dəyərindən daha baha qiymətə almağa məcbur olur", - deyə İ.Şirinov yekunlaşdırdı.
Xədicə BAXIŞLI













