"Torpaqların birləşdirilməsi insanların şəhərdən kəndə dönüşünün təşviq olunmasıdır" - Komitə sədri

 18:52 12.06.2026     1236

Kənd təsərrüfatı sektorunda torpaq münasibətlərinin təkmilləşdirilməsi istiqamətində yeni addımların atılması nəzərdə tutulur. Belə ki, kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, ölkədə ilk dəfə olaraq 20 min hektar ərazidə torpaq konsolidasiyası həyata keçiriləcək. Onun sözlərinə görə, layihə çərçivəsində parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması məqsədilə birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş iclasdakı çıxışı, eləcə də qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsulları istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafı üçün yol xəritəsidir və uzunmüddətli perspektivə hesablanıb.

Onun sözlərinə görə, bu çıxışda və sözügedən sənəddə çox ciddi məsələlərə toxunulur. Aqrar sektorun inkişafında əldə olunmuş müəyyən uğurlarla yanaşı, mövcud çatışmazlıqlar və geriliklər də qeyd olunur:

"Cənab Prezident öz çıxışında bildirib ki, aqrar inkişafın dinamikası hələ də bizi qane etmir və bu sahədə qarşıya çox ciddi vəzifələr qoyulub. Bunlar iqtisadiyyatda kənd təsərrüfatının rolunun daha da gücləndirilməsi, məhsuldarlığın artırılması, sudan, texnikadan və təbii ehtiyatlardan səmərəli istifadə olunması, elmin və texnologiyaların təsərrüfatlara tətbiqi, insanların şəhərdən kəndə dönüşünün təşviq olunmasıdır. Ümumilikdə, bütün sahələrdə işlərin canlandırılmasına dəstək göstərilməsidir.

Millət vəkili qeyd etdi ki, Milli Məclisdə dünən üç komitənin iştirakı və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə ölkə rəhbərinin çıxışında, eləcə də dövlət proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində geniş dinləmə keçirilib:

"Burada Kənd Təsərrüfatı naziri qarşıda duran vəzifələrə bir daha aydınlıq gətirib. Torpaqların birləşdirilməsi məsələsi də dinləmədə səsləndirilib və bu, əlbəttə ki, düzgün yanaşma və təşəbbüsdür. Çünki bu gün elə sahibkarlar var ki, onların 5–6 müxtəlif yerdə torpaq sahələri mövcuddur. Bunlar əsasən pay torpaqlarıdır və sahibkar həmin torpaqları müxtəlif şəxslərdən əldə edib. İcarəyə götürülən torpaqlar, eləcə də bələdiyyə torpaqları da var ki, insanlar onları icarəyə götürürlər. Lakin belə xırda və pərakəndə torpaq sahələrinin olması məhsuldarlığın artırılması baxımından səmərəli deyil. Çünki onların becərilməsi, suvarılması, əkilməsi və məhsulun yığılması prosesi çox çətin olur. Texnika, su və insan resurslarından istifadə də çətinləşir. Belə olan halda həm sahibkar özü əziyyət çəkir, həm də istədiyi səviyyədə gəlir əldə edə bilmir. Uzun illərdir ki, biz bu barədə fikirlərimizi bildiririk. Qeyd edirik ki, kiçik torpaq sahələri birləşdirilməli, ailə təsərrüfatları konsolidasiya olunmalı və iri təsərrüfatlar yaradılmalıdır. İri təsərrüfatlarda əldə edilən məhsuldarlıq kiçik təsərrüfatlarla müqayisədə bir neçə dəfə yüksək olur. Burada texnikanın istifadəsi, su və digər resurslardan yararlanma da daha asandır. Təəssüf ki, hələ də bu sahədə əsaslı dönüş müşahidə olunmur".

Müsahibimizin sözlərinə görə, nəzərdə tutulur ki, müəyyən qaydada bu torpaqlar birləşdirilsin və konsolidasiya tədbirləri həyata keçirilsin.

“Əlbəttə ki, bu, çox çətin bir prosesdir. Çünki burada insanların həm mövqeyi, həm maraqları, həm də könüllülüyü nəzərə alınmalıdır. Bununla belə, artıq müəyyən nümunələr mövcuddur və iki rayonda bu məsələnin həyata keçirilməsi örnək xarakteri daşıyır. Əgər məqsəd varsa, onun həyata keçirilməsi üçün də müvafiq tədbirlərin görülməsi gözləniləndir. Bu, ilk növbədə torpaq sahibinin və onun ailə büdcəsinin yaxşılaşması üçün vacibdir. Dövlətin bu sahəyə subsidiya verməsi və güzəştli kreditlərin tətbiqi də belə şəraitdə daha asan ola bilər. Ona görə də insanlar bu barədə özləri ciddi düşünməlidirlər. Onlar iri təsərrüfatların yaradılmasında təşəbbüskar olmalıdırlar. Bu, gələcək inkişaf üçün çox faydalıdır və sahibkarlığın inkişafına böyük dəstək verir”, – deyə Tahir Rzayev fikirlərini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən