Psixi pozuntular niyə daha çox uşaq və yeniyetmələrdə aşkarlanır? - AÇIQLAMA
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0–17 yaş, 1 591-i 18–29 yaş, 698-i 30–39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.
Statistikada 0–17 yaş qrupunun üstünlük təşkil etməsi hansı amillərlə bağlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixiatr Azər Bağırov bildirdi ki, ümumiyyətlə, psixi və davranış pozuntularının ilk diaqnozunun qoyulma yaşı əsasən uşaqlıq və yeniyetməlik dövrünə təsadüf edir:
“Bu yaşlarda uşaqlarda diaqnozların daha çox qoyulması normal haldır və əvvəlki illərlə müqayisədə artımın əsas səbəblərindən biri diaqnostikanın inkişaf etməsidir. Yəni bu, müəyyən mənada müsbət göstərici kimi qiymətləndirilə bilər. Həkimə müraciətlərin sayı artıb və ilkin diaqnostika daha erkən mərhələdə aparılır.
Burada həm müəllimlərin, həm də valideynlərin rolunu qeyd etmək lazımdır. Müəllimlər uşaqları bir-biri ilə müqayisə edir, onlarda davranış pozuntularını, qeyri-adekvat və ya uyğunsuz hərəkətləri müşahidə edir və bu barədə valideynləri məlumatlandırırlar. Valideynlər isə əvvəllər bu hallarda uşağı danlamağı və ya cəzalandırmağı seçirdilərsə, indi daha çox səbəbi araşdırmağa, uşağın niyə belə davranış göstərdiyini anlamağa və diaqnostikaya müraciət etməyə üstünlük verirlər.
Eyni zamanda sovet dövründən qalan bir reallıq da var idi ki, yeniyetmələr arasında diaqnostika səviyyəsi çox aşağı idi. Bu səbəbdən Qərb ölkələri ilə müqayisədə bizdə diaqnozların sayı xeyli az görünürdü. Bu sahədə ixtisaslaşmış mütəxəssislərin sayı da məhdud idi. Lakin zaman keçdikcə, xüsusilə Türkiyədə təhsil almış mütəxəssislərin sayının artması ilə diaqnostika daha erkən mərhələdə aparılır, problemlər daha tez aşkarlanır, maarifləndirmə və müalicə işləri genişlənir”.
Onun sözlərinə görə, statistik göstəricilərin artmasının müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var:
“Dövrümüzdə sosial medianın və internetin geniş yayılması, məlumatlara əlçatanlığın artması eyni zamanda müəyyən stress yaradır. Məlumat bombardmanı həm böyüklərdə, həm də yeniyetmələrdə anksiyete səviyyəsini artırır. Bu təşviş isə emosional partlayışlara və müxtəlif davranış pozuntularına səbəb ola bilir.
Buna görə də əvvəlki dövrlərlə müqayisədə bu halların daha çox müşahidə edildiyini görürük və statistik göstəricilər də bunu təsdiqləyir.
Digər tərəfdən, yeniyetməlik dövrü özlüyündə bir böhran mərhələsidir. Bu dövrdə yeniyetmə özünü kəşf etmək, özünü ifadə etmək və özünü təsdiqləmək kimi çətin vəzifələrlə üz-üzə qalır. Hormonların təsiri ilə daha emosional, daha aqressiv və daha az rasional düşünməyə meylli olur”.
Mütəxəssis vurğuladı ki, yeniyetməlik dövründə davranış pozuntularının daha sıx müşahidə olunması təbiidir:
“Keçmişdən əsas fərq ondan ibarətdir ki, əvvəllər daha sıx ailə münasibətləri və güclü ailə bağları uşaqların özünü tənzimləməsi üçün daha çox nümunə yaradırdı. Valideynlərin, nənə-babaların davranışları, cəmiyyət daxilindəki ənənələr və yaşa görə hörmət prinsipləri bu prosesdə mühüm rol oynayırdı.
Lakin zamanla nüvə ailələrin artması, uşaqların nənə-babalarla daha az təmasda olması və fərdiyyətçiliyin ön plana çıxması müəyyən təsirlər yaradıb. Bu, tamamilə mənfi hal deyil - həm müsbət, həm də mənfi tərəfləri var.
Bəzi hallarda uşaqların davranışlarını cəmiyyətə uyğunlaşdırmaq əvəzinə fərdi tələbatlarını ön plana çıxarmasına səbəb ola bilir. Bu da davranış pozuntularının daha çox aşkar olunmasına təsir edir.
Digər mühüm məqam isə budur ki, böyüklər psixoloji problemləri daha yaxşı gizlədə bilirlər, lakin uşaq və yeniyetmələrdə bu hallar daha tez üzə çıxır. Valideynlər uşağın dərs göstəricilərinin aşağı düşdüyünü, yaşıdları ilə ünsiyyətinin zəiflədiyini, tənhalığa meyl etdiyini, aqressiyasının artdığını və ya itaətsizlik kimi davranışların meydana çıxdığını müşahidə edirlər. Buna görə də bu halları gizlətmək mümkün olmur və valideynlər çıxış yolu axtarmağa başlayırlar”.
Həmsöhbətimizin fikrincə, son dövrlərdə yeniyetmələrdə müşahidə edilən davranış pozuntularından biri də yaşıdlarının və ya özlərindən yaşca böyük gənclərin təsiri altına düşmələridir:
“Xüsusilə 18 yaşdan kiçik yeniyetmələrin 19–20 yaşlı gənclərin təsiri altında ailə tərəfindən təsdiqlənməyən və ya arzuolunmaz davranışlara meyl etməsi diqqət çəkir. Məsələn, məktəbi yarımçıq qoyaraq işləməyə təşviq edilmələri, xüsusilə qız uşaqlarının erkən yaşda cinsi həyata yönləndirilməsi, qısa zamanda pul qazanmaq arzularının formalaşdırılması uzunmüddətli düşüncə qabiliyyətini zəiflədir.
Yeniyetmə artıq əvvəlki kimi məktəbi bitirib universitetə daxil olmaq, peşə sahibi olmaq və gələcək həyatını qurmaq kimi hədəflər əvəzinə qısa müddətdə pul qazanmaq və istəklərinə çatmaq məqsədi güdür. Məntiqi qərarvermə tam formalaşmadığı üçün bu yaş qrupunda yeniyetmələr daha asan şəkildə təsir altına düşə bilirlər.
Belə hallarda evdən qaçma, müxtəlif qruplara qoşulma, aqressiv davranışlar, oğurluq, qanun pozuntuları, məktəbdən yayınma, dərslərə marağın azalması, erkən yaşda siqaret, alkoqol və digər zərərli vərdişlərə meyl kimi hallarla daha çox rastlaşırıq. Bu səbəbdən valideynlər daha diqqətli olmalıdır. Çünki günümüzdə uşaqlar üzərində nəzarət əvvəlki dövrlərlə müqayisədə daha vacibdir”.
A.Bağırov tövsiyə edir ki, uşaqların davranışlarında narahatedici və ya şübhəli hallar müşahidə edildikdə onlar kompleks müayinədən keçirilməlidir:
“İlk növbədə davranışların səbəblərini anlamaq üçün mütəxəssis tərəfindən dəyərləndirmə aparılmalıdır. Mütəxəssis qiymətləndirmə zamanı yeniyetmələr arasında geniş yayılmış psixoaktiv maddə istifadəsini araşdırmalı, eyni zamanda depressiya, təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntu və digər psixoloji problemlərin mövcudluğunu müəyyən etməlidir. Bu istiqamətdə vaxtında diaqnostika və müalicə tədbirlərinin aparılması olduqca vacibdir”.
Xədicə BAXIŞLI













