“Səhiyyə sistemi ciddi struktur böhranı yaşayır” - Professor

 19:25 16.06.2026     901

İlin əvvəlinə olan məlumatlara görə, ölkədə cəmi 34 776 həkim fəaliyyət göstərir. Onların 23 585-i məhz paytaxtın payına düşür ki, bu da ölkədəki bütün həkimlərin 68 faizinə bərabərdir. Bakıda hər 10 000 nəfərə 100 həkim düşdüyü halda, bölgələrdə vəziyyət ürəkaçan deyil.

Məsələn, Daşkəsən rayonunda cəmi 15 həkim var və hər 10 000 nəfərə düşən həkim sayı cəmi 4-dür.

Gənc həkimlərin bölgələrdə işləməyə maraq göstərməməsinin əsas səbəbləri nədir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a bildiridi ki, Azərbaycanın regionları üzrə həkim bölgüsünün düzgün təşkil olunmaması məlum məsələdir:

“Bakı şəhərində müəyyən sıxlıq olsa da, burada əhali sayı da çoxdur. Azərbaycan əhalisinin böyük hissəsi Bakıda cəmləşib. Hətta deyilənə görə, paytaxtda 6 milyona yaxın əhali yaşayır. Belə bir vəziyyətdə Bakı şəhərində həkimlərin sayının çox olması normaldır. Bəs niyə regionlarda səhiyyənin inkişafında ən vacib amillərdən biri olan kadr potensialı bu qədər zəifdir? Bunun əsas səbəbi insanların regionlara getməsi üçün kifayət qədər stimulun olmamasıdır. İlk növbədə maaşların aşağı olması, lazımi güzəştlərin mövcud olmaması və regionlarda gələcək perspektivlərin məhdud görünməsi bu vəziyyəti yaradır. İnsanlar məsələyə bu cür yanaşdıqları üçün regionlarda işləməyə maraq göstərmirlər”.

Müsahibimizin fikrincə, bu vəziyyətdən çıxış yolu Azərbaycan səhiyyəsini vahid sistem şəklində təşkil etmək və effektiv idarəetmə mexanizmi yaratmaqdır:

“Yəni region səhiyyəsinin Bakı və digər iri şəhərlərin səhiyyə müəssisələri ilə intensiv və koordinasiyalı əlaqələri qurulmalı, bütövlükdə səhiyyə sistemi vahid mexanizm kimi fəaliyyət göstərməlidir. Bundan başqa, regionlarda çalışan həkimlər üçün xüsusi stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Məsələn, onların maaşlarının iki dəfə artırılması, kommunal güzəştlərin tətbiqi və digər sosial imtiyazların verilməsi mümkündür. Hətta onların iş stajının hesablanması zamanı regionlarda işlədikləri bir ilin bir il yarım və ya iki il kimi nəzərə alınması da düşünülə bilər. Bütün bunlar həkimlərin regionlara getməsi üçün ciddi stimul yaradar”.

Onun sözlərinə görə, digər bir məsələ 65 yaşına çatmış həkimlərin işdən uzaqlaşdırılması ilə bağlı tətbiq edilən yanaşmadır:

“Mən hesab edirəm ki, bu, düzgün yanaşma deyildi və müəyyən mənfi nəticələrə səbəb oldu. Əksinə, həmin həkimlərin bir hissəsi regionlarda, bir hissəsi isə Bakıda fəaliyyət göstərirdi. Əgər onlar işləmək qabiliyyətini saxlayıblarsa və fəaliyyətlərini davam etdirmək istəyirlərsə, onların təcrübəsindən istifadə etmək məqsədəuyğun olardı. Yəni 65 yaşlı həkim əmək qabiliyyətini qoruyub saxlayıbsa, bu, kifayət qədər təcrübəli və peşəkar mütəxəssis deməkdir. Belə insanların bilik və bacarıqlarından niyə istifadə olunmasın? Hesab edirəm ki, həmin kadrların bir hissəsinin regionlarda fəaliyyətini davam etdirməsi mövcud boşluqların müəyyən qədər aradan qaldırılmasına kömək edə bilərdi. Bütün bu tədbirlər kompleks şəkildə həyata keçirilsəydi, regionlarda həkim çatışmazlığı probleminin qarşısının alınmasına və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verə bilərdi”, – deyə A.Qeybulla yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən