Aqil Abbasla bağlı müzakirələrə İlham Tumasdan MÜNASİBƏT
"Mənim övladlarımın yaşları keçib. Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər...". Bir imam-cümə varmış. İran-İraq müharibəsi zamanı deyirmiş: "Ay camaat, 55 yaşa qədər hamı getməlidir müharibəyə. Şəxsən mənim 56 yaşım var!" Bütün bunlarla belə, müəllimin xətrini çox istəyirəm".
Bunu tanınmış jurnalist, Qarabağ müharibəsi qazisi İlham Tumas feysbuk hesabında yazıb.
Xatırladaq ki, deputat Aqil Abbasın gənclərin Qarabağda aparılan tikinti işlərində könüllü şəkildə çalışması ilə bağlı təklifi və onun "Tələbələr iki ayı boş qalırlar, Qarabağda könüllü tələbə-inşaat dəstələri düzəldib işləyə bilərlər və yaxşı da maaş ala bilərlər. Onlara imtiyaz da verilə bilər. Orada ev ala bilərlər. Onlar üçün iş yeri olar. Belə bir söz demişəm və sözümün də üstündə dururam. Mənim övladlarımın yaşları keçib. Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər. Burada pis bir şey yoxdur" fikirləri müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Redaktor.az İlham Tumasla əlaqə saxlayıb.
O bildirib ki, ümumiyyətlə, son vaxtlar millət vəkillərinin çıxışlarına qarşı bir qədər aqressiv münasibət nümayiş etdirilir:
"Amma bu da bir cəmiyyətdir və bu cəmiyyətdə müxtəlif fikirlər olmalıdır. Bəli, Aqil Abbası nəzərdə tutmuşam. Ancaq unutmayaq ki, Aqil Abbas həm də yazıçıdır, yaradıcı adamdır. Ola bilər ki, fikirlərini bir qədər düzgün və ya səhih şəkildə çatdıra bilmir. Amma mən gördüm ki, şərhlərdə Aqil Abbası hətta lənətləyirlər, onun övladları ilə bağlı ağır sözlər deyirlər. Bunlar aqressiv yanaşmalardır, belə etmək olmaz.
Təbii ki, insanlar öz fikirlərini bildirə bilərlər, deyə bilərlər ki, Aqil müəllimin fikri düzgün deyil. Amma artıq sosial şəbəkələrdə görürsünüz ki, insanlar öz aqressiyalarını tökməyə bəhanə axtarırlar. Başqalarına lənət yağdırır, söyüş söyür, təhqir edirlər. Bu isə yolverilməzdir".
Xədicə BAXIŞLI













