Çoxuşaqlı ailə üçün minimum uşaq sayı 3 olsun - Deputatdan TƏKLİF
"Azərbaycanda çoxuşaqlı ailələrin sayının azalması tendensiyası müşahidə olunur. Hazırda rəsmi statistika göstərir ki, ən çox rast gəlinən ailə modeli iki uşaqlı ailələrdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirdi.
Onun sözlərinə görə, uşaq sayına görə növbəti yerdə bir uşaqlı ailələr, daha sonra isə üç uşaqlı ailələr gəlir:
"Əslində, iki və bir uşaqlı ailələrin sayının üstünlük təşkil etməsi doğum səviyyəsinə və təbii artıma birbaşa təsir göstərir. Təbii artım müsbət olsa belə, faiz ifadəsində əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur".
Millət vəkili təklif edir ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılsın.
"Təklif edirik ki, bu anlayış üzrə minimum uşaq sayı beşdən üçə endirilsin. Belə olan halda, üç və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən, eləcə də pensiya yaşı ilə bağlı güzəştlərdən yararlana bilərlər. Hesab edirik ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılması və bu istiqamətdə dəyişikliklərin edilməsi uşaq sayının artmasına, xüsusilə də üç uşaqlı ailələrin çoxalmasına səbəb ola bilər. Bu da əsas hədəflərdən biri olan çoxuşaqlı ailələrin sayının artırılmasına xidmət edər. Nəticə etibarilə, bu addımlar doğum sayının artmasına və təbii artımın sürətlənməsinə imkan yarada bilər", - deyə V.Bayramov yekunlaşdırdı.
Xədicə BAXIŞLI













