Dərmanlar niyə təsir etmir? – Həkim əsas səbəbləri AÇIQLADI
Vətəndaşların bir çoxu aptekdən dərman alarkən qiymətindən asılı olmayaraq təsir gücnün az olduğunu, hətta olmadığını vurğulayırlar.
Bununla bağlı Redaktor.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyevin sözlərinə görə, dərmanların təsir etmə funksiyası bir çox amillərdən asılıdır:
"İlk növbədə, bu təsir qoyulan diaqnozla bağlıdır. Eyni zamanda xəstənin cinsi, yaşı, günün hansı vaxtında dərman qəbul etməsi, genetik xüsusiyyətləri və irsi faktorlar da mühüm rol oynayır. Bundan əlavə, qidalanma da dərmanların təsirinə təsir göstərən əsas amillərdəndir. Çünki qəbul etdiyimiz qidalar da müxtəlif kimyəvi birləşmələrdən ibarətdir".

Ekspertin fikrincə, həkim dəqiq müəyyən etməlidir ki, dərman müalicəsi zamanı hansı qidaların qəbulu məqsədəuyğundur, hansılarından isə uzaq durmaq lazımdır:
"Dərmanların istifadə müddətinin başa çatması məsələsi də çox vacibdir. Əgər dərmanın yararlılıq müddəti keçibsə, onun tərkibindəki maddələrin təsir gücü azalır və ya dəyişə bilər. Bu səbəbdən istifadə müddəti bitmiş dərmanların satışının dayandırılması düzgün yanaşmadır. Ümumiyyətlə, dərmanlar kimyəvi birləşmələrdir və müəyyən müddət ərzində öz təsir qabiliyyətini qoruyub saxlayırlar. Həmin müddət başa çatdıqda isə onların effektivliyi aşağı düşə bilər. Buna görə də yararlılıq müddəti keçmiş dərmanların istifadəsinə və satışına yol verilməməlidir".
Xədicə BAXIŞLI













