"Övladlara nəzarətin vacibliyini anlamaq üçün faciə gözləməməliyik" - Sosioloqdan ÇAĞIRIŞ
Xəbər verdiyimiz kimi, iyun ayının 16-sı tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadə Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Zəhra motosiklet ilə yolda nasazlanmış avtomobilə çırpılaraq yola atılır. Hadisədən sonra məlum olur ki, həyatını itirən Zəhranın sürücülük vəsiqəsi olmayıb. Övladını itirən Fərhad Mehdiyev sosial şəbəkələrdə paylaşdığı yazılarında valideynləri övladlarının tərbiyəsi və gələcək həyat seçimlərinə daha diqqətlə yanaşmağa çağırır. O vurğulayır ki, valideynlər uşaqlarını erkən yaşlardan nəzarətsiz buraxmamalı, onların təhsilinə, peşə seçiminə və həyat yoluna istiqamət verməlidirlər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirdi ki, F.Mehdiyevin qızını itirdikdən sonra yazdığı postlara baxanda adam xoş olmayan bir reallığın fərqinə varır:
"Fərhad bəy "övladlarınıza nəzarət edin", "yeniyetmə yaşında insana ultra-azadlıq verilməz" məzmunlu fikirlər paylaşır. Düz də deyir. Ancaq bu kimi fundamental məsələləri qəbul etmək, anlamaq üçün, təəssüf ki, sanki kimsə çox ciddi yara almalıdır ki, məsələ ona "danq" eləsin. Biz bunları faciə olmazdan əvvəl deyəndə oluruq "geriçi", "yersiz mühafizəkar"...
Gərək hansısa gənc qız həyatından olsun ki, anlayasınız ki, yeniyetmə vaxtı, hormonal pikdə olan insan beyni ilə qərar vermir, hisslərin diktəsində olur və ona bu periodda nəzarət, yönvermə lazımdır? Hansısa xarici pornostar qadın idi, övladı dünyaya gələndən sonra dünya ictimaiyyətinə səslənib az qala yalvarırdı ki, onun görüntüləri olan video və şəkilləri silsinlər. Deyirdi ki, istəmir övladı onun o vəziyyətinə, o keçmişinə şahid olsun. Əminəm ki, ona da dəfələrlə deyilmişdi ki, bu həyat azadlıq deyil, bu normal biznes deyil, alnıaçıq, üzüağ olacağın bir iş deyil, ümumiyyətlə qadın üçün karyera hər şey deyil və olmamalıdır da, sən gələcəkdə ailə qurmaq, ana olmaq istəyəcəksən, onda bu kirli keçmiş sənin yaxanı buraxmayacaq. Böyük ehtimal ki, o da buna məhəl qoymayıb, amma indi həyatın şilləsi ona reallığın acı tərəfini daddırıb və ağlı başına gəlib. Pornostar olsa da, o qadın üçün, səmimi deyirəm, üzülürəm. Bu gün Fərhad bəy üçün də üzülürəm. Kaş insanlar sosial normaları nəzərə almayanda, kobud şəkildə pozanda, bunun nəticələrini hesablayaydılar".
NURİYYƏ













