Marketlərin yeni hiyləsi: 1 qəpiklik yumurta ilə cibinizdən daha çox pul çıxarırlar

 16:52 19.06.2026     1881

Bildiyimiz kimi, bir çox marketlər şəbəkəsində hazırda yumurta endirimə düşərək 0.01, 0.03, 0.05 qəpiyə satılır.

Marketlər yumurtanı bu qədər ucuz satmaqla nə qazanır?

İqtisadçı Günay Hüseynova Redaktor.az-a açıqlamasında bildirdi ki, məhsulun maya dəyərini hesablasaq 1-3 qəpiyə satış qeyri-real görünür:

"1 yumurta üçün dən miqdarı, toyuğun fabrikdə baxımı, yumurtanın daşınması nəqliyyat xərcləri və s. hesablansa, ən azından 10 qəpiyə satılmalıdır. Hal-hazırda yumurtanın bu qiymətə satılması bir növ "marketinq hiyləsidir". Yumurta alan şəxs vitrində digər məhsulları da görüb alır. Əgər sırf yumurta bu qiymətə satılacaqdısa o zaman girişə kassa önünə qoyulardı, alıcı da alıb çıxardı. Daha bütün vitrinləri labirint kimi dolaşmazdı. İkinci bir məsələ odur ki, yumurtanın qiyməti endirilir, digər məhsullardan əvəzi çıxılır. Yəni yumurtaya 10 qəpik endirim edəndə digər məhsulun qiyməti 15 qəpik qaldırılır".

Müsahibimiz qeyd etdi ki, bu qiymət siyasəti alıcı təfəkkürü ilə əlaqədardır:

"Məsələn sabunun qiyməti 1 qəpik olsa kimsə gedib qutularla alıb evə doldurmaz, halbuki hər gün istifadə olunan məhsuldur və ya pendirin kilosu ucuzlaşsa kimsə gedib qablarla, paketlərlə alıb soyuducunu doldurmaz. Bir sıra məhsul kateqoriyası var, cüzi endirim olduqda alıcı dərhal stoklayır. Yumurta da belə məhsullardandır. Məsələn, yumurta, un, pamidor və yağa olan endirim alıcını daha çox alıb stoklamağa sövq edir. Yumurtanı evdə istifadə üçün alanlarla yanaşı daha çox şirniyyatçılar alır. Məsələn, 30 ədəd yumurta onun üçün cəmi 3 torta istifadə olunan miqdardır. Həmçinin yay mövsümünün gəlişi ilə əlaqədar insanlar daha çox kafe restoranlara üz tuturlar. Burada maraqlı məqam isə odur ki, ucuzlaşma var, deməli, ərsəyə gələcək məhsulun maya dəyəri aşağı düşüb. Bəs qiymətlər niyə enməyib? Məsələn, yumurtanın 22-30 qəpik olduğu zamanla indi 1 qəpik olduğu zamanda şirniyyat qiymətləri eynidir? Və ya kafe-reatoranlarda pomidor-yumurta yeməyinin qiyməti dəyişməyib. Halbuki pomidorun kilosu 5 manat yumurta 25 qəpik idi. İndi pamidor 1.5-2 manat yumurta isə 1-3 qəpikdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən