Taksilərə avtobus zolağında sərnişin mindirib-düşürməyə icazə veriləcək? - AÇIQLAMA

 12:41 22.06.2026     1975

Son zamanların aktual mövzularından biri yollarda tətbiq olunan cərimələr və taksi sürücülərinin şikayətləridir. Məsələ artıq bir neçə dəfə Milli Məclisdə də müzakirə edilib. Nəqliyyat ekspertlərin də təklif var ki, avtobus zolaqlarında taksilərin qısa müddətli dayanmasına (sərnişin düşürmək və ya götürmək) icazə verilməlidir.

Bəs belə bir yenilik tətbiq edilə bilərmi?

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, hazırda Bakının nəqliyyat marşrutlarının və onun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı çox böyük işlər aparılır:

"Eyni zamanda şəhər daxilində mikromobillik üçün də olduqca yaxşı şərait yaradılır. Bu, əlbəttə ki, inkişaf edən şəhərimiz üçün həm tıxacların aradan qaldırılmasına yardımçı olur, həm də sərnişindaşımada keyfiyyəti artırır. Ancaq bəzi məsələlər var ki, onlara yenidən baxmaq lazımdır".

Millət vəkili vurğuladı ki, taksilər bütün meqapolislərin ayrılmaz nəqliyyat vasitələrindən biridir:

"Onların şəhər daxilində bir məntəqədən digər məntəqəyə sərnişinlərin daşınması üçün optimal şərait yaradılmalıdır. Mən hesab edirəm ki, ekspertlərin də təklifi doğrudur. Çünki taksilər qısa müddətdə, bir-üç dəqiqə ərzində, digər nəqliyyat vasitələrinə maneçilik törətmədən müştərini lazımi ünvana çatdırsalar, daha yaxşı olar. Bu, həm vətəndaş məmnunluğuna gətirib çıxarar, həm də şəhər nəqliyyatının ümumi ritmini pozmadan taksi sürücülərinin optimal hərəkət imkanlarına yardım etmiş olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən