Adil Nəbiyev Bakıda minib-düşmə problemlərindən danışdı - YENİ TƏKLİF VERDİ

 16:16 22.06.2026     602

"Son zamanların aktual mövzularından biri də yollarda tətbiq olunan cərimələr və taksi sürücülərinin narazılığıdır. Bu məsələ artıq bir neçə dəfə ictimai müzakirələrin və müxtəlif platformalarda aparılan müzakirələrin mövzusu olub. Xüsusilə avtobus zolaqlarında taksilərin sərnişin götürməsi və ya düşürməsi ilə bağlı məhdudiyyətlər geniş müzakirə edilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev taksilərə avtobus zolağında sərnişinləri mindirib-düşürmək icazəsinin verilməsi ilə bağlı təklifdən danışarkən bildirdi.

Müsahibimizin sözlərinə görə, təklifin müsbət tərəflərindən biri sərnişin təhlükəsizliyinin artırılmasıdır:

"Bəzi hallarda taksilər sərnişinləri ikinci hərəkət zolağında düşürməyə məcbur olur ki, bu da həm piyadalar, həm də digər hərəkət iştirakçıları üçün risk yaradır. Qısa müddətli dayanmağa icazə verilməsi sərnişinlərin birbaşa səkiyə minib-düşməsinə şərait yarada bilər. Digər tərəfdən, bu yanaşma hərəkət zolaqlarında yaranan maneələrin də azalmasına kömək edə bilər. Taksi sürücülərinin sərnişin götürmək və ya düşürmək üçün hərəkət zolağında dayanması nəqliyyat axınına mənfi təsir göstərir. Müəyyən qaydalar çərçivəsində avtobus zolağından istifadə bu problemin qismən həllinə imkan verə bilər. Lakin məsələnin digər tərəfi də var".

O vurğuladı ki, avtobus zolaqları ictimai nəqliyyatın sürətli və fasiləsiz hərəkəti üçün yaradılıb:

"Əgər taksilərə bu zolaqlarda dayanmağa icazə verilərsə, bəzi hallarda avtobusların hərəkətinə maneələr yarana və zolaqların effektivliyi azala bilər. Bundan əlavə, nəzarət mexanizmləri baxımından da çətinliklər ortaya çıxa bilər. Qısa müddətli sərnişin əməliyyatı ilə uzunmüddətli gözləməni hər zaman dəqiq ayırd etmək mümkün olmur. Beynəlxalq təcrübədə bəzi şəhərlərdə taksilərə yalnız sərnişinin minib-düşməsi üçün bir neçə saniyəlik və ya məhdud vaxt çərçivəsində dayanmağa icazə verilir. Lakin bu zaman gözləmə qadağan edilir, avtobusların hərəkətinə maneə yaradılmır və proses elektron nəzarət vasitələri ilə izlənilir. Gələcəkdə belə bir yeniliyin tətbiqi mümkündür. Ancaq daha optimal həll kimi əsas küçə və prospektlərdə xüsusi sərnişin götürmə və düşürmə məntəqələrinin yaradılması daha məqsədəuyğun görünür. Bu halda həm ictimai nəqliyyatın üstünlüyü qorunar, həm də taksi sürücülərinin və sərnişinlərin üzləşdiyi problemlər minimuma endirilər. Ən vacib məqam isə odur ki, sərnişinlərin hərəkət zolağının ortasında minib-düşməsi halları aradan qaldırılsın. Çünki bu cür hallar yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır və qəzalara səbəb ola bilir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən