Boşanmaların 50 faizə çatması ciddi siqnaldır - Sosioloqdan XƏBƏRDARLIQ
“Bu proses qlobal tendensiyadır. Dünyanın əksər ölkələrində uzun illərdir müşahidə olunur: evliliklərin sayı azalır, doğum səviyyəsi aşağı düşür, əhali yaşlanır, əhali strukturunda uşaqların və gənclərin payı getdikcə azalır. Azərbaycanda da son dövrlərdə bu tendensiya müşahidə edilir. Son 30–40 ildə doğum səviyyəsi təxminən üç dəfə azalıb”.
Bu barədə Redaktor.az-a açıqlamasında sosioloq Elçin Bayramlı ölkədə doğulanların sayının azalması və ölənlərin sayının artmasından danışarkən bildirdi.
Onun sözlərinə görə, bu prosesdə dolayısı təsirlər də mövcuddur:
“Məsələn, boşanma səviyyəsi 50 faizə çatıb ki, bu da rekord göstəricidir. Eyni zamanda son 10 ildə evlənmələrin sayı 40 faiz azalıb. Bütün bunlar ümumi demoqrafik vəziyyətə ciddi təsir göstərir. Əvvəlcə səbəblərə nəzər salmaq lazımdır. Bəziləri yalnız sosial-iqtisadi amilləri önə çəksə də, məsələ bununla məhdudlaşmır. Burada iki əsas səbəb mövcuddur: sosial-iqtisadi amillər və mənəvi deqradasiya. Çünki statistik göstəricilər göstərir ki, həm boşanmalar, həm azuşaqlı ailələr, həm də evliliklərin azalması yalnız maddi imkansızlıqla bağlı deyil. Maddi imkanı yüksək olan ailələr arasında da az uşaq sahibi olmaq tendensiyası geniş yayılıb. Bu isə göstərir ki, məsələ təkcə sosial-maddi vəziyyətlə bağlı deyil”.
Müsahibimizin sözlərinə görə, dünyada təbliğ olunan yeni həyat tərzi getdikcə populyarlaşır:
“Gənclərə daha çox öz həyatları üçün yaşamaq, evlənməmək, uşaq sahibi olmamaq, qazandıqları vəsaiti yalnız şəxsi ehtiyac və əyləncələrinə sərf etmək kimi fikirlər aşılanır. Bu, müəyyən mənada eqoist həyat tərzinin formalaşmasıdır. Xüsusilə maddi cəhətdən təminatlı təbəqə arasında bu tendensiya daha çox müşahidə olunur. Onların evlənmək və ya uşaq sahibi olmaq üçün maliyyə problemi yoxdur, lakin buna baxmayaraq ya ümumiyyətlə evlənmirlər, ya da bir uşaqla kifayətlənirlər. Bu isə daha çox mənəvi amillərlə bağlıdır.
Digər tərəfdən, az təminatlı təbəqə sosial-iqtisadi problemlərlə üzləşir. Gənclərin evlənməsi üçün mənzil problemi mövcuddur, ev almaq olduqca çətin və bahalıdır. Toy xərcləri yüksəkdir, uşağın dünyaya gətirilməsi və böyüdülməsi də ciddi maliyyə yükü tələb edir. Buna görə də ailələr adətən bir və ya iki uşaqla kifayətlənirlər.
Bu səbəbdən iki istiqamətdə tədbirlər həyata keçirilməlidir. Birincisi, mənəvi deqradasiyanın qarşısı alınmalı, milli-mənəvi dəyərlər qorunmalıdır. Gənclər ailə institutunun və milli dəyərlərin əhəmiyyəti barədə maarifləndirilməlidir. Son dövrlərdə gec evlənmə tendensiyası da yayılır. Halbuki bu, ənənəvi ailə modelindən fərqlənir”.
Sosioloq bildirdi ki, hazırda Azərbaycanda orta evlənmə yaşı 30-u keçib ki, bu da kifayət qədər yüksək göstərici hesab olunur:
“Bu səbəbdən ailə dəyərlərinin təbliği gücləndirilməli, uşaqlar ailədə, məktəbdə və kütləvi informasiya vasitələri ilə milli dəyərlər əsasında tərbiyə olunmalıdır. İkinci istiqamət isə sosial dəstək tədbirləridir. Dövlət müxtəlif güzəştlər və yardım proqramları vasitəsilə vəziyyətə müsbət təsir göstərə bilər. Məsələn, bəzi ölkələrdə yeni evlənənlərə birdəfəlik maliyyə dəstəyi verilir, sosial mənzil proqramları və uzunmüddətli güzəştli kreditlər təqdim olunur. Həmçinin uşağın doğulmasına görə birdəfəlik ödənişlər yüksək məbləğdə olur. Bir çox ölkələrdə aylıq uşaq pulu sistemi də tətbiq edilir. Bu cür dəstək mexanizmləri Azərbaycanda da genişləndirilə bilər.
Bundan əlavə, müxtəlif stimullaşdırıcı tədbirlər tətbiq oluna bilər. Məsələn, çoxuşaqlı ailələr üçün vergi güzəştləri, təhsil sahəsində əlavə imtiyazlar, sosial proqramlarda üstünlüklər nəzərdə tutula bilər. Hazırda çoxuşaqlı ailə statusu üçün tələb olunan uşaq sayı ilə bağlı meyarların yenidən nəzərdən keçirilməsi də təklif olunur. Eyni zamanda özünüməşğulluq proqramlarında belə ailələrə üstünlük verilə, onların biznes qurmasına və məşğulluğunun artırılmasına dəstək göstərilə bilər".
Bayramlının fikrincə, artıq vəziyyət müəyyən mənada kritik xarakter almağa başlayıb. Onun sözlərinə görə, rəsmi statistika göstərir ki, doğum səviyyəsi azalır, boşanmalar artır, evliliklərin sayı isə azalır.
"Bu da əhalinin yaşlanmasına səbəb olur. Gənclərin və uşaqların sayının azalması gələcəkdə əmək bazarında işçi qüvvəsinin çatışmazlığına, dövlətin sosial yükünün artmasına gətirib çıxara bilər.
Bu səbəbdən iki əsas istiqamətdə ciddi tədbirlər görülməlidir: bir tərəfdən milli-mənəvi dəyərlərin qorunması və təbliği gücləndirilməli, digər tərəfdən isə dövlət tərəfindən geniş sosial dəstək paketləri həyata keçirilməlidir. Bu tədbirlər demoqrafik vəziyyətin yaxşılaşmasına, əhalinin təbii artımının təmin olunmasına və ölkənin sosial-iqtisadi inkişafına müsbət təsir göstərə bilər.
Nəticə etibarilə, bu məsələ milli təhlükəsizlik və strateji inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Güclü dövlətin əsasında sağlam cəmiyyət dayanır. Buna görə də problemin həlli üçün kompleks dövlət proqramı hazırlanmalı və ardıcıl şəkildə həyata keçirilməlidir. Belə olduğu təqdirdə, yaxın illərdə bu sahədəki mənfi tendensiyaların qarşısını almaq və vəziyyəti normallaşdırmaq mümkün ola bilər", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













