Bir narkoman – itirilmiş bir əsgər: Valideynlərin buraxdığı səhv uşaqları narkotikə aparır - XƏBƏRDARLIQ
Narkomaniya müasir cəmiyyətin üzləşdiyi ən ciddi problemlərdən biridir. Bu problem hər il minlərlə insanın sağlamlığına, ailə münasibətlərinə və sosial həyatına mənfi təsir göstərir. Xüsusilə gənclər arasında narkotik vasitələrə marağın artması narahatlıq doğuran məqamlardan biri hesab olunur.
Bəs hazırda ölkəmizdə narkomaniya ilə mübarizə üçün hansı addımlar atılır?
Redaktor.az-a danışan “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova qeyd etdi ki, fəaliyyətlərinin əsas məqsədi gəncləri narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlandırmaq, sağlam həyat tərzini təbliğ etmək və narkomaniyanın profilaktikasına töhfə verməkdir:
"Bu istiqamətdə məktəblərdə, ali və orta ixtisas təhsil müəssisələrində maarifləndirici görüşlər keçirir, seminarlar, təlimlər və sosial kampaniyalar təşkil edirik. Eyni zamanda, sosial şəbəkələr və media vasitəsilə ictimai məlumatlandırma işləri aparır, dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edərək birgə layihələr həyata keçiririk. Məqsədimiz gənclərdə düzgün mövqe formalaşdırmaq və onları sağlam gələcəyə istiqamətləndirməkdir".

Həmsöhbətimiz gəncləri narkotikdən uzaq tutmaq üçün hansı addımların atılmalı olduğundan da danışdı:
"Gənclərin narkotik vasitələrdən uzaq qalması üçün ilk növbədə erkən yaşlardan maarifləndirmə işləri gücləndirilməlidir. Ailə, məktəb və cəmiyyət bu məsələdə birgə məsuliyyət daşıyır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman, incəsənət, könüllülük və digər inkişaf proqramlarına cəlb olunması vacibdir. Həmçinin psixoloji dəstək xidmətlərinin əlçatanlığı artırılmalı, risk qrupuna daxil olan gənclərlə fərdi iş aparılmalıdır. Gənclər öz potensiallarını reallaşdırmaq üçün imkanlar gördükdə, zərərli vərdişlərdən uzaq qalmaq ehtimalları daha yüksək olur".
Büllur Məmmədova narkomaniyanın qarşısını almaq üçün daha hansı yeni işlər görülə biləcəyindən də danışdı:
"Narkomaniya ilə mübarizədə innovativ yanaşmaların tətbiqi vacibdir. Rəqəmsal platformalar üzərindən maarifləndirici layihələrin genişləndirilməsi, gənclər üçün anonim psixoloji məsləhət xidmətlərinin yaradılması, sosial media influenserlərinin profilaktik kampaniyalara cəlb olunması faydalı ola bilər. Bundan əlavə, məktəblərdə və universitetlərdə mütəmadi risk qiymətləndirmələri aparılmalı, reabilitasiya proqramlarından keçmiş şəxslərin təcrübələrinin paylaşılması təşviq edilməlidir. Narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, həm də təhsil, sosial dəstək, psixoloji yardım və ictimai həmrəylik vasitəsilə daha effektiv nəticə verə bilər".
Narko-ekspert Emin Maqalov isə qeyd etdi ki, narkotikdən istifadə özü ilə bağlı bir sıra fəsadları gətirir:

"Bu, ürək xəstəliyi riskinin artması, qaraciyər və böyrəklər kimi orqanların zədələnməsi və şizofreniya kimi müxtəlif mənfi təsirlərə səbəb ola bilir. Eyni zamanda narkotik uşağın həyatının müxtəlif tərəflərinə, o cümlədən onların öyrənməyə və ictimailəşməyə marağını zədələyir.
Uşqaların bu yola düşməsinin qarşısını almağın isə müxtəlif yolları var. Ümumiyyətlə, uşqlara narkotikin təhlükələri haqda məlumat məktəb zamanı verilə bilər. Məsələ ilə bağlı məlumat verərkən doğru anı seçməliyik. Çünki narkotiklərin uşaqlara təhlükəsini izah etmək çətin ola bilər. Övladlarımızın rahat oldğunu gördükdə bu məsələ haqda onlara məlumat verə bilərik. Belə olduqda isə uşaqlar daha rahat qulaq asmaq imkanı əldə etmiş olurlar".
Müsahibimiz bu məsələdə valdeyn faktoruna da toxundu:
"Valdeynlər də narkotiklərin necə yayıldığını və onların sağlamlığa və həyata hansı təsirlər göstərdiklərini bilməlidilər. Eyni zamanda, adətən narkotik alveri də, narkomanlıq da dostluq mühitindən başlayır. Uşaqlarımıza pozitiv dostluqların önəmini öyrətməyimiz vacibdir ki, uşaqlar narkotiklərdən və digər təhlükələrindən qaça bilsinlər".
Həmsöhbətimiz vurğuladı ki, ailədə narkotikin qadağa olunduğu da qəti şəkildə uşaqlara bildirilməlidir:
"Lazımınca, xüsusi qaydalar da hazırlamaq oalr. Məsələn, gecə oynamağa və ya evdən çıxmağa məhdudiyyətlər tətbiq edək".
Həkim-narkoloq Asifl Kəngərli isə bildirdi ki, narkomaniyanın yayılmasına səbəb olan əsas sosial amillərdən biri evdə uşağın ərköyün böyüdülməsidir:
"Ərköyün böyüdülmüş uşaq ailə, ev üçün deyil, narkomafiya üçün böyüdülmüş sayılmalıdır. Bu, həmişə belə olmasa da, çox hallarda belə olur. Uşağın ərköyün böyüdülməsi onun zəif iradəli olması deməkdir. Belə adamlar da tez bir zamanda başqaları tərəfindən narkotikə cəlb edilirlər və özləri də buna meyilli olurlar.
Digər tərəfdən, orta məktəblərdə narkomaniya, alkoqolizm və tabakomaniyaya (tütün asılılığı) qarşı məqsədyönlü şəkildə tədrisin edilməməsi də səbəblərdən sayılır. Müəllifi olduğum "Tütünçəkmə barədə hər şey", "Alkoqol sağlamlığın və sağlam həyat tərzinin düşməni", "Narkotik maddə - ailəvi qırğın silahı" və xüsusilə "Bəla" adlı kitablar orta məktəblərdə tədris edilməlidir ki, uşaqlar maariflənsinlər və bunun hansı nəticələrə aparıb çıxaracağını əyani olaraq görsünlər. Digər tərəfdən, bunları ölkə başçısının sərəncamına əsasən deyirəm. Mənim "Bəla" adlı pyesim Şuşa Dram Teatrında tamaşaya qoyulub, repertuardadır, amma onu aylarla tamaşaya qoymurlar. Gəncə Dram Teatrı xahiş edib, aparıb vermişəm Gəncəyə ki, gələn mövsümdən, teatr mövsümündən göstərilsin. Eyni zamanda Bələdiyyə Teatrına da kitabı vermişəm ki, uyğun görsələr, onu səhnələşdirsinlər. Bu əsər məqsədyönlü şəkildə teatrlarda göstərilməlidir. Uşaq narkomanın necə olduğunu həyatda, səhnədə görməlidir. Anasının nə günə düşdüyünü həyatda görməlidir, həyat yoldaşının nə günə düşdüyünü görməlidir. Bunu da harada görə bilər? Teatrda. Bizim çəkdiyimiz "Bəla" adlı bir film-tamaşa var. Yəni bu, film deyil, film-tamaşadır. Bu, "Google"da var. Əgər "Asif Kəngərli Bəla film-tamaşa" yazsanız, ona baxa bilərsiniz və öz oxucularınıza da ona baxmağı tövsiyə edə bilərsiniz".

Həmsöhbətimiz vurğuladı ki, bu problemin cəmiyyətə və ailə institutuna təsirləri çox pis qiymətləndirilir:
"Əgər bir şəxs narkomana çevrilibsə, bu, bizim Azərbaycan üçün bir əsgər itirmək deməkdir. Əgər narkoman olarsa, bir əsgərimizi itiririk. Əgər ailəlidirsə, narkotikdən qurtarmasa, ailəsi gec-tez dağılacaq. Bu da çox uzunmüddətli və əziyyətli işdir. Ona görə də ən yaxşısı nədir? Maarifləndirmə işi aparmaq lazımdır ki, həmin gənc o maddəni qəbul etməmişdən əvvəl ilkin maariflənmə prosesi getsin. Bir daha qeyd edirəm, adını çəkdiyim kitabları alıb oxumaq faydalıdır".
Respublika Narkoloji Mərkəzindən saytımıza bildirildi ki, asılılıq ilə mübarizədə effektivliyin artırılması üçün yanaşma prinsipi yalnız klassik detoksifikasiya modelinə deyil, biopsixososial modelə əsaslanmaqdadır:
"Asılılığın müalicəsində dərman vasitələrinin elmi əsaslarla tətbiqi farmakoloji müdaxilə deməkdir. Məqsəd isə yalnız “maddə istifadəsini dayandırmaq” deyil, həm də beynin və orqanizmin asılılıq nəticəsində pozulmuş funksiyalarını tənzimləmək və residiv riskini azaltmaqdır. Qeyd edək ki, asılılıqda farmakoloji müalicə 3 əsas məqsədə xidmət edir: detoksifikasiya (toksinlərin bədəndən çıxarılması), əvəzedici terapiya (Bu metod xüsusilə opioid asılılığında istifadə olunur), antikravinq və relapsın (yenidən istifadənin) qarşısının alınması.
Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.
Reabilitasiya və sosial reinteqrasiya proqramlarının əsas məqsədi şəxsin cəmiyyətə geri qaytarılmasıdır. Buraya sosial adaptasiya proqramları, ailə ilə reinteqrasiya aiddir.

Maddə asılılığında “dəqiq sağalma müddəti” və “sabit sağalma faizi” universal şəkildə verilə bilmir, çünki bu xəstəlik xroniki, residivləşən və çoxfaktorlu xarakter daşıyır. Asılılığın müalicəsində “sağalma” anlayışı adətən tam və birdəfəlik müalicə kimi yox, uzunmüddətli remissiya kimi qiymətləndirilir. Beynəlxalq və regional statistikaya görə, asılılıq üzrə “tam sağalma faizi” deyil, remissiya və relaps göstəriciləri əsas götürülür. Müalicədən sonra ilk dövrlərdə yenidən istifadəyə qayıtma riski mövcud olsa da, müasir müalicə və reabilitasiya proqramlarında mütəmadi iştirak edən şəxslərdə uzunmüddətli sabit remissiya əldə edilə bilir. Təcrübə göstərir ki, davamlı tibbi və psixososial dəstək nəticələrin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edir. Müalicə proqramlarında iştirak edənlərdə nəticələr 3–4 dəfə daha yüksək remissiya ehtimalı ilə müşahidə olunur".
Aytəkin TOFİQQIZI













