Uşaqlar günəş kremindən istifadə edə bilərlər? - Həkimdən detallı AÇIQLAMA

 15:28 24.06.2026     422

"Günəşdən qoruyucu kremlər təkcə yay aylarında deyil, artıq yaz mövsümündən etibarən istifadə olunmalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı uşaqların gigiyenasından danışan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova bildirdi.

O vurğuladı ki, istifadə qaydaları uşağın yaşına görə dəyişir:

"Altı ayına qədər olan uşaqlar ümumiyyətlə birbaşa günəş şüaları altında qalmamalıdırlar. Bu yaş dövründə uşaqlar günəşdən kölgədə qalmaqla, papaq taxmaqla və pambıq geyimlərdən istifadə etməklə qorunmalıdırlar. Altı aydan yuxarı uşaqlarda isə günəşdən qoruyucu kremlərdən mütləq istifadə olunmalıdır. Diqqət etmək lazımdır ki, qoruyuculuq səviyyəsi yüksək olsun. Yəni SPF 30 və ya SPF 50 olan vasitələrə üstünlük verilməlidir, daha aşağı göstəricili məhsullar tövsiyə olunmur. Əlbəttə ki, məhsulun tərkibinə də diqqət yetirmək lazımdır. Xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş vasitələr seçilməlidir. Tərkibində paraben və spirt olmaması daha məqsədəuyğundur. Çünki bu maddələr konservant və antiseptik xüsusiyyətlərə malik olsalar da, uşağın dərisinə həm yerli, həm də ümumi təsir göstərə bilərlər. Günəşdən qoruyucu vasitələr bayıra çıxmazdan təxminən 15-20 dəqiqə əvvəl çəkilməlidir ki, təsirini tam göstərə bilsin. Əgər uşaq suya girirsə və ya çimizdirilirsə, sudan çıxdıqdan sonra krem yenidən tətbiq olunmalıdır. Bundan əlavə, günəşdən qoruyucu vasitələr təxminən hər iki saatdan bir yenilənməlidir. Çünki onların qoruyucu təsiri müəyyən müddətdən sonra azalır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən