"Bölgələrdə ipoteka faizləri daha aşağı ola bilər" - Deputatdan TƏKLİF
Bildiyimiz kimi, son illərdə bölgələrdən Bakıya gələnlərin sayı artıb. Sakinlər arasında bu tendensiyanın əsas səbəblərindən biri kimi rayonlarda mənzil əldə etmək imkanlarının məhdud olması, o cümlədən ipoteka kreditlərinə çıxışın çətinliyi göstərilir.
Bəs bölgələrdə ipoteka kreditlərinin daha əlçatan olması üçün hansı dəyişikliklər edilməlidir?
Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, son dövrlərdə bölgələrdə kirayə mənzil fondunun genişlənməsi müşahidə olunur:
"Əslində, Bakıdan kənarda yaşayan vətəndaşlarımızın ipoteka kreditinə müraciət edərək mənzil əldə etməsində hər hansı məhdudiyyət yoxdur. Sadəcə, regionlarda yaşayan vətəndaşların əməkhaqları Bakı ilə müqayisədə əksər hallarda nisbətən aşağı olur ki, bu da onların ipotekaya müraciət imkanlarını məhdudlaşdırır. Təbii ki, bir sıra ölkələrdə ipoteka kreditləri üzrə regionlar arasında diferensial faiz dərəcələrinin tətbiqi həyata keçirilir. Bu halda regionlarda ipoteka kreditlərinin faizləri daha aşağı müəyyənləşdirilir. Bu da həmin ərazilərdə yaşayan sakinlərin ipoteka kreditlərinə müraciət imkanlarını genişləndirir".
Müsahibimizin fikrincə, həm adi, həm də güzəştli ipoteka kreditləri üzrə faiz dərəcələrində bölgələrə münasibətdə diferensial yanaşma tətbiq oluna bilər:
"Bu zaman rayonlarda təklif olunan ipoteka kreditlərinin faizləri Bakı ilə müqayisədə nisbətən aşağı müəyyənləşdirilə bilər. Nəticədə bu, bölgələrdə yaşayan vətəndaşların ipoteka kreditlərinə müraciət etməklə mənzil problemlərini daha rahat həll etmələrinə imkan yaradar".
Xədicə BAXIŞLI













