Bakıda yenə yol çökdü: Təmir olunan küçələr niyə davam gətirmir? - FOTO

 16:05 25.06.2026     588

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli küçəsinin bir hissəsində yaranan iri çökmələr səbəbindən "Şəki dairəsi"ndən metronun istiqamətinə hərəkət məhdudlaşdırılıb və yol bağlanıb.

Maraqlıdır ki, sözügedən ərazi cəmi bir neçə ay əvvəl kanalizasiya xəttinin çəkilişindən sonra AAYDA tərəfindən yenidən asfaltlanmışdı. Buna baxmayaraq, son aylarda yolda dəfələrlə çökmələr qeydə alınıb, çuxurlar müvəqqəti olaraq yamaqlansa da, problem aradan qalxmayıb.

Redaksiyamızın əməkdaşlarının hər gün istifadə etdiyi həmin yolda avtomobillərin tez-tez yaranan çuxurlara düşdüyünü müşahidə edirdik. Son iki həftədə isə həm əvvəl yamaqlanan hissələrdə, həm də digər ərazilərdə yeni çökmələr meydana gəlib. Nəticədə dünəndən etibarən yol tam bağlanaraq ərazidə yenidən qazıntı və bərpa işlərinə başlanılıb.

Bəs yeni təmir edilmiş yollarda çökmələrin baş verməsinin səbəbi nədir? Belə problemlərin qarşısını almaq üçün hansı texniki və mühəndislik tələblərinə əməl olunmalıdır?

Nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a açıqlamasında bildirdi ki, yolların təmir olunmasında əsaslı, cari və mövsümi təmir var:

"Əsaslı təmir yolların yenidən qurulması zamanı sıfırdan yığılan yollara aiddir. Yəni torpağın üzərində yeni bir yol inşa olunur. Bu yolun uzunömürlü olması və müəyyən dərəcədə fəaliyyətinin geniş olması üçün arqumentli bir əsaslandırma olmalıdır. Torpaq yatağının işlənilməsi, qrunt sularının ərazidən çıxarılması, yönləndirilməsi və s. Amma şəhər mərkəzində bunları etmək digər ərazilərlə müqayisədə çətindir. Çünki şəhər mərkəzi kommunikasiya xətləri ilə doludur və şəhər infrastrukturu ilə birbaşa bağlıdır. Demək olar ki, şəhər mühitində bütün kommunikasiya xətləri yerin altından keçir. Təmir işləri görülən zaman, təmir işlərinin hansı səviyyədə aparılmasından asılı olmayaraq, xırda bir nöqsan və ya qüsur görülən işin effektivliyini heçə endirir. Konkret olaraq adı çəkilən əraziyə baxsaq, uzun müddətdir təmir işləri gedir, əsaslı tunel-yol kompleksi inşa olunur və fəaliyyəti hansısa səbəbdən dayanıb. Asfaltın aşağı qatlarında hər hansı çökmələr, sızmalar və digər təbii, yaxud qeyri-təbii proseslər baş verə bilər".

Həmsöhbətimizin sözlərinə görə, asfalt salınmazdan əvvəl mütləq geoloji torpaq tədqiqatları aparılmalıdır ki, torpağın xüsusiyyətləri müəyyənləşdirilsin:

"Hansı kadastr məlumatlarında nəyi görmək olur, nəyi görmək olmur, hansı kommunikasiyalar keçir, keçmir, sabah çökmə ola bilər, ya yox – bütün bunlar araşdırılmalıdır. Yəni bu, xırda və ya cüzi təmirlə yekunlaşdırılacaq iş deyil, daha məsuliyyətli yanaşma tələb edir. Bu kimi halların qarşısını almaq üçün mütləq yolların monitorinqi aparılmalı, yolların kadastr xəritəsi hazırlanmalıdır. Belə olduqda hansı küçələrdən böyük kommunikasiya xətləri, kanalizasiya sistemləri keçdiyini dəqiq müəyyən etmək mümkün olacaq. Əlimizdə xəritə olduqda həmin ərazilərdə təmir işlərinin necə aparıldığını daha aydın şəkildə izləyə bilərik".

Ekspert vurğuladı ki, torpaq işləri aparılan zaman mütləq yerin xüsusiyyətləri öyrənilməlidir:

"Bilmək lazımdır ki, bu torpağın üzərindən 40 tonluq Kamaz keçə bilər, ya yox. Əgər burada hər hansı nasazlıq olsa, kanalizasiya xətti həmin borunu çatlada bilər, ya yox. Bu səbəbdən ən vacib işlər torpaq işləridir. Yol üzərində görülən işlərin 60-70 faizi məhz torpaq işlərindən başlayır. Asfalt isə ən son mərhələdir. Bəzək işləri, dirəklər və digər elementlər daha çox görünüş xarakteri daşıyır. Amma yataq işləri möhkəm qurularsa, nə həmin yolda çökmə olar, nə sürüşmə baş verər.

Məsələn, bu Bakıya aid deyil, amma İsmayıllı yolunda yeni yolötürücü qurğu var. Orada böyük bir asma körpü inşa olunur. Məqsəd sürüşmə ərazisindən keçən nəqliyyat axınını başqa istiqamətə yönləndirməkdir. Beləliklə, avtomobil yolu artıq sürüşmə olan ərazilərdən keçməyəcək. Tunellər, estakadalar və digər mühəndis qurğuları vasitəsilə həmin ərazilərdə təhlükəsizlik və rahatlıq təmin olunur".

Aytəkin TOFİQQIZI

2222222222
Vumart və Güvən reklamı Vumart Güvən