Bu 6 halda valideynlik hüququndan məhrum edilmək mümkündür - Vəkil AÇIQLADI
Valideynlər öz uşaqları ilə bağlı bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin qanunvericilikdə müəyyən hallarda valideynlik hüquqlarından məhrum etmə məsələsi də nəzərdə tutulur.
Bəs hansı hallarda valideyn valideynlik hüququndan məhrum edilə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında vəkil Araz Nurməmmədov bildirdi ki, Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər və ya onlardan biri müəyyən əsaslar mövcud olduqda valideynlik hüququndan məhrum edilə bilər:
"Burada əsas məsələlərdən biri valideynlik vəzifələrinin yerinə yetirilməsindən boyun qaçırılmasıdır. Buna alimentin ödənilməməsi, uşağın tərbiyəsi, təhsili və sağlamlığı ilə maraqlanmamaq kimi hallar daxildir. İkinci hal heç bir üzrlü səbəb olmadan uşağı götürməkdən imtina edilməsidir. Yəni valideyn doğum evindən, müalicə, tərbiyə və ya əhalinin sosial müdafiəsi müəssisəsindən uşağı götürməkdən imtina etdikdə, məhkəmə həmin şəxsi valideynlik hüququndan məhrum edə bilər. Üçüncü əsas valideynlik hüquqlarından sui-istifadə edilməsidir. Buraya uşağın dilənçiliyə, qumara və ya cinayət fəaliyyətinə cəlb edilməsi, eləcə də onun təhsil almasına mane olunması kimi hallar aiddir.
Dördüncü hal uşaqlarla qəddar rəftar edilməsidir. Yəni uşağa qarşı fiziki və ya psixoloji zorakılıq tətbiq edildikdə, yaxud onun cinsi toxunulmazlığına qəsd olunduqda bu əsas yarana bilər.
Beşinci hal valideynin xroniki alkoqolizm və ya narkomaniya xəstəsi olmasıdır. Bu fakt mütləq qaydada müvafiq tibb müəssisəsinin arayışı ilə təsdiqlənməlidir.
Altıncı hal isə uşağın və ya digər ailə üzvlərinin həyat və sağlamlığına qarşı qəsdən cinayət törədilməsidir".
Müsahibimiz qeyd etdi ki, valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə qərarı əsasında mümkündür.
"Məhkəmə qərarı olmadan heç kəs valideynlik hüququndan məhrum edilə bilməz. Bu məsələ ilə bağlı məhkəməyə valideynlərdən biri, müvafiq icra hakimiyyəti orqanı, prokuror, habelə yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqan və ya müəssisə müraciət edə bilər. Məsələn, uşaq internat müəssisəsində böyüyürsə və valideyn öz vəzifələrini yerinə yetirmirsə, yaxud sadalanan əsaslardan hər hansı biri mövcuddursa, həmin müəssisənin müraciəti əsasında da valideynlik hüququndan məhrumetmə məsələsinə baxıla bilər. Valideynlik hüququndan məhrumetmə işinə baxılarkən məhkəmə aliment məsələsini də həll edə bilər. Çünki şəxsin valideynlik hüququndan məhrum edilməsi onu aliment ödəmək öhdəliyindən azad etmir. Məhkəmə bu məsələyə xüsusi diqqət yetirir ki, uşağın maddi təminatı qorunsun. Bundan başqa, əgər işə prokurorun iştirakı olmadan baxılırsa və məhkəmə valideynin hərəkətlərində cinayət tərkibi aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur", - deyə A.Nurməmmədov yekunlaşdırdı.
Xədicə BAXIŞLI













