Maştağada yollar yenə su altında: Ərazidə tikinti işləri aparılır? - Rəsmi CAVAB
Sabunçu rayonunun Maştağa qəsəbəsində “Əzizin tini” adlı ərazi var, Heydər Əliyev adına park ilə üzbəüzdür. Həmin ərazidə yağış yağan zaman hədsiz pis vəziyyət yaranır. Ötən gün isə az miqdarda yağış yağıb. Lakin yolda vəziyyət heç də xoşagələn deyil. Bu haqda bir müddət öncə də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlamışdıq. Qurumun cavabında isə bildirilmişdi ki, mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır.
Bəs hazırda işlər davam etdirilirmi? Vəziyyətin tamamilə yaxşılaşması yaxın zamanda realdır?
Redaktor.az məsələ ilə bağlı yenidən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tullantı su və ya yağış su xətti mövcud deyil:
"Həmçinin ərazinin relyefi və səth mailliyinin kifayət qədər olmaması səbəbindən yağış sularının müəyyən nöqtələrdə toplanaraq gölməçələnməsi müşahidə edilir.
Həmçinin tullantı su sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.Yaşayış məntəqələrində şəbəkələrin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".
Aytəkin TOFİQQIZI













