Həyat qurtaran qolbaq, yoxsa təhlükəsizlik qaydaları? - FHN-dən CAVAB
Yaponiyada su fəaliyyətlərində təhlükəsizliyi artırmaq üçün hazırlanmış təcili bilək bantı satışa çıxarılıb. Üzgüçülər, sörfinqçilər və su idmanı həvəskarları üçün nəzərdə tutulmuş yüngül cihaz boğulma riskinə qarşı xilasetmə şamandırası kimi çıxış edir. İstifadəçi su altında qıcolma və ya panik kimi təcili vəziyyətlə qarşılaşdıqda, bilək bantındakı xüsusi bir mandalı çəkərək mexanizmi işə salır. Mandal tərəfindən aktivləşdirilən karbon qazı silindri qatlanmış, parlaq hava yastığını maksimum 3 saniyə ərzində şişirdir. Sürətlə açılan şamandıra istifadəçiyə səthə çıxmağa və başını suyun üzərində saxlamağa imkan verir. Kiçik ölçüsünə baxmayaraq, bilək bantı yüksək üzmə qabiliyyətinə malikdir və 124 kiloqrama qədər çəkisi olan istifadəçiləri rahatlıqla daşıya bilər. Kompas və təcili yardım fitini də özündə birləşdirən cihaz qaz balonunu dəyişdirməklə yenidən istifadə edilə bilər.
Azərbaycanda da belə qolbaqların satışına ehtiyac varmı? Yaxud daha alternativ nələrə ehtiyacımız var?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirdi ki, bu tip avadanlıqların satışı yeni deyil. Onun sözlərinə görə, artıq illərdir ki, bu və buna bənzər cihazların satışına və istifadəsinə rast gəlinir:

"Ancaq biz sularda təhlükəsizliyimizi bir cihaza bağlaya bilmərik. Odur ki, təhlükəsizlik qaydalarına əməl etməklə həm özümüzün, həm də yaxınlarımızın həyatını qoruya bilərik. Belə ki, yalnız xilasedicilərin olduğu çimərliklərdən istifadə etsək, xilasedicilərin çağırış və tələblərinə əməl etsək, hava şəraitini nəzərə alaraq küləkli havada dənizə girməsək, təhlükədən tam şəkildə qoruna bilərik".
NURİYYƏ













