Lavanda tarlasına giriş niyə 8 manatdır? - Şirkət rəhbəri səbəbi AÇIQLADI
Şamaxıda yerləşən və "Herba Flora" şirkətinə məxsus lavanda tarlası son dövrlər həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilib. Bənövşəyi mənzərəsi ilə diqqət çəkən ərazi sosial şəbəkələrdə də geniş maraq doğurur. Lakin bəzi vətəndaşlar lavanda sahəsinə giriş üçün tələb olunan 8 manatlıq ödənişin yüksək olduğunu bildirərək qiymətdən narazılıqlarını ifadə edirlər.
Bəs bu qiymət nəyə əsasən belə tənzimlənib?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Herba Flora" şirkətinin təsisçisi, Herba Medical Tibb Mərkəzinin baş həkimi, fitoterapevt Fizuli Hüseynov bildirdi ki, Azərbaycanda lavanda təsərrüfatına qazanc əldə etmək məqsədilə yatırım edənlər zərərlə üzləşirlər.

"Azərbaycanda əgər kimsə bu işdən pul qazanmaq istəyirsə, tamamilə ziyandır, nağıldır. Yəni qoyduğun pulun üçdə biri belə geri qayıtmır. Baxın, mən təkcə şitillərə 40 min manat pul vermişəm. Üstəlik, bunun əkini var, suvarılması var, sahənin alınması var, sonra 6-7 nəfər işçinin saxlanılması, əməkhaqlarının ödənilməsi var. Bütün bunları hesablayanda, il ərzində təkcə işçilərin və sahənin saxlanılmasına həmin ilkin xərcdən əlavə ən azı 30-40 min manat vəsait xərclənir. Lavanda mövsümü isə cəmi bir ay çəkir. Həmin bir ay ərzində də ən uzağı 10-15 min manat gəlir əldə etmək olur. Ondan artıq mümkün deyil. Mən özüm bitkiçiliklə məşğul olduğum üçün lavandanı yenidən emal edirəm, ondan yağ və digər məhsullar hazırlayıram. Turizm baxımından isə o pulu çıxarmaq mümkün deyil. Mən lavandanı öz istehsalımda istifadə etdiyim üçün bu iş mənə qismən sərf edir. Amma kənardan bu sahəyə gələn bir insan üçün bu, tamamilə ziyanlı işdir. Bilirsiniz necədir, insanlar gəlirlər, deyirlər ki, niyə giriş qiyməti belədir? 8 manat elə də böyük pul deyil. Məsələn, Qəbələdə də belə lavanda sahələri var. Orada da giriş 8 manatdır. Amma içəridə hansısa dekorasiyanın yanında şəkil çəkdirmək istəyəndə əlavə ödəniş edilir. Məsələn, yelləncəyin yanında və ya lavandaların içində şəkil çəkdirirsinizsə, əlavə pul ödəyirsiniz. Nəticədə bu, 15-20 manata başa gəlir. Bizdə isə belə bir şey yoxdur. İçəri girdinizsə, istədiyiniz qədər şəkil çəkdirə bilərsiniz. Heç kim buna görə əlavə ödəniş tələb etmir və ya problem yaratmır", - deyə o yekunlaşdırdı.
NURİYYƏ















