Yaponiyada satışa çıxarıldı: Bu bilək bantı Azərbaycanda da tətbiq olunmalıdır? - Ekspertdən AÇIQLAMA
Yaponiyada su fəaliyyətləri zamanı boğulma riskini azaltmaq məqsədilə hazırlanmış təcili təhlükəsizlik bilək bantı satışa çıxarılıb. Boğulma zamanı avtomatik şişərək insanı suyun səthində saxlayan bu cihaz dünyanın müxtəlif ölkələrində maraq doğurur.
Bəs belə təhlükəsizlik vasitələrinə Azərbaycanda da ehtiyac varmı?
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Redaktor.az-a bildirdi ki, çimərliklərdə istifadə olunan bütün xilasetmə vasitələri, o cümlədən avtomatik şişən təhlükəsizlik bilək bantları insan həyatının qorunması baxımından faydalıdır.
Onun sözlərinə görə, bu cür məhsullar yeni deyil və uzun illərdir Avropa ilə ABŞ-də geniş istifadə olunur:
"Bu vasitələr fövqəladə hallarda həyat xilas edə, boğulma riskini azalda bilər. Maarifləndirmə işləri nəticəsində insanların onlardan istifadəyə marağı da artır. Bu, təhlükəsizlik mədəniyyətinin formalaşması baxımından müsbət haldır. Lakin heç bir avadanlıq insanın məsuliyyətli davranışını əvəz edə bilməz."
Ekspert vurğuladı ki, təhlükəsizlik vasitələrinin mövcudluğu əsas qaydalara əməl etməmək üçün əsas vermir.
"Çimərlikdə müəyyən edilmiş üzmə sərhədlərini keçmək olmaz. Küləyin sürəti saniyədə 10–12 metrə çatdıqda suya girmək təhlükəlidir. Spirtli içkinin təsiri altında çimmək qətiyyən yolverilməzdir. Həmçinin çaylarda, kanallarda, göllərdə və çimmək üçün nəzərdə tutulmayan ərazilərdə suya girmək ciddi risk yaradır. Xəzər dənizinin 825 kilometrlik sahil xəttinin hamısı çimərlik üçün yararlı deyil. Yalnız təhlükəsizliyi təmin olunan rəsmi çimərliklərdən istifadə edilməlidir."
Elmar Nurəliyev qeyd etdi ki, icazə verilməyən ərazilərdə çimən şəxsin üzərində xilasetmə vasitəsinin olması müəyyən hallarda kömək edə bilər:
"Ancaq bu, həmin vasitəyə arxayın olub riskli davranış sərgiləməyə əsas vermir".
Ekspertin sözlərinə görə, çimərlik təhlükəsizliyinin əsasını beş vacib qayda təşkil edir: üzmə sərhədlərini keçməmək, əlverişsiz hava şəraitində suya girməmək, spirtli içki qəbul etdikdən sonra çimməmək, xilasedicilərin növbə çəkmədiyi çimərliklərdən istifadə etməmək və uşaqları su kənarında nəzarətsiz buraxmamaq.
"Bu qaydalara əməl etmək istənilən təhlükəsizlik avadanlığından daha vacibdir. Hovuzlarda belə vasitələrin effektivliyi daha yüksək ola bilər. Bununla belə, azyaşlı uşaqlar hovuzda da mütləq valideyn nəzarəti altında olmalıdır. Açıq dənizdə, çaylarda və digər təbii su hövzələrində isə əsas məsələ yalnız çimmək üçün nəzərdə tutulmuş ərazilərdən istifadə etmək və təhlükəsizlik qaydalarına ciddi riayət etməkdir", – deyə o bildirdi.
NURİYYƏ













