"Çox adam psixi xəstəliyini gizlədir" - Professordan diqqətçəkən AÇIQLAMA

 17:57 02.07.2026     2225

Milli Məclisin iclasında “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə danışan deputat Bəxtiyar Əliyev bildirib ki, bəzən insanlar müxtəlif səbəblərdən psixi sağlamlıqları ilə bağlı problemləri gizlədir, müalicəyə vaxtında müraciət etmirlər. 

“Bu isə sonradan bir sıra xoşagəlməz və faciəvi nəticələrin ortaya çıxmasına səbəb olur. Buna görə də qanun layihəsinin qəbul edilməsi, əlbəttə ki, çox vacibdir”, - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, qanunda dəyişiklik isə bəzi şəxslərin digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacağı bilə bağlıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, vətəndaşın öz razılığı olmadan, əgər o, anlaqlı vəziyyətdədirsə, onu hansısa məcburi müayinəyə cəlb etmək olmaz:

"Amma hansısa bir hüquqi məsuliyyət yaradan hadisə ortaya çıxıbsa, təbii ki, orada bütün məsələlər yoxlanılmalıdır. Ümumiyyətlə, səhiyyə sistemi elə qurulmalıdır ki, bu cür şəxslər vaxtında, erkən yaşlardan ortaya çıxsın və bunların müalicəsi normal təmin oluna bilsin. Bizdə niyə görə bu məsələlər belə əmələ gəlir, belə yaranır? Çünki diskriminasiya məsələsi var. Yəni psixi xəstələr, psixikasında dəyişiklik olanlar, əqli qüsuru olan xəstələr və hansısa bir aqressiyası olan xəstələr, bunlar aşkar olunduqdan sonra onların işə düzəlməsi, əmək fəaliyyəti ilə bağlı problemlər ortaya çıxır və faktiki olaraq onlar müəyyən hüquq məhdudiyyətləri ilə üzləşirlər. Bütün bunlara görə də çox adam xəstəliyi gizlədir, hansısa yolla müalicə edilir və s. Belə situasiyalar yaranır. Mən hesab edirəm ki, bu qanun, əslində, beynəlxalq qanuna uyğunlaşdırılmalıdır. Biz hansısa bir qanun qəbul ediriksə, o, beynəlxalq qanuna uyğun olmalıdır, ondan fərqlənməməlidir. Yəni bütün dünyada bu cür problemlər, dünyanın inkişaf etmiş ölkələrində hansı qaydada həll olunursa, bizdə də o cür həll olunmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən