Çəyirtkələr dəniz sahilinə niyə üz tutub? - Ekoloqdan AÇIQLAMA
Yay mövsümündə insanların sıx üz tutduğu Novxanı çimərliyində maraqlı görüntülər qeydə alınıb. Sahildə çoxlu sayda çəyirtkənin görünməsi sakinlər arasında müzakirələrə səbəb olub.
Bəs çəyirtkələrin çimərliyə axın etməsinin xüsusi bir səbəbi varmı?
Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov qeyd etdi ki, əslində burada qeyri-adi ekoloji hadisə yoxdur:

"Söhbət ondan gedir ki, çəyirtkələrin indi aktiv dövrüdür. Onlar əsasən yaz və yay aylarında çox aktiv olurlar. Çünki qış aylarında yumurtada olurlar və yay aylarında yumurtadan çıxırlar. May ayından etibarən havalar qızdıqca aktivləşirlər və sürətlə artmaqla qidalanırlar. Qidalandıqları əsasən dənli bitkilər, ot və tərəvəzlərdir. Çəyirtkələrin yayılması onların yaşam mühiti ilə bağlıdır. Üzü payıza getdikcə, havalar soyuduqca tədricən çəyirtkələr məhv olurlar və növbəti etapda yenidən yumurtadan çıxmaqla fəaliyyət göstərirlər. Yəni çəyirtkələrin həyat dövrünün indi aktiv mərhələsidir və istənilən bir yerdə onlar ola bilərlər. Bu, normal bir prosesdir".
Aytəkin TOFİQQIZI













