"Koroğlu", "20 Yanvar", "Əhmədli"... – Pulsuz avtobusların ən vacib istiqamətləri AÇIQLANDI
"BakuBUs" tərəfindən paytaxtda nəqliyyatın məhdudlaşdırıldığı ərazilərdə vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə ödənişsiz şatl avtobuslar istifadəyə verilib. C1 və C2 marşrutları üzrə fəaliyyət göstərən ekoloji təmiz mikroavtobuslar həftəsonları və bayram günləri saat 12:00-dan 00:00-dək 7-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Yeniliklə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, "BakuBus"un ödənişsiz mikroavtobuslarla bağlı təşəbbüsü, əgər əsas məqsəd qısa məsafəli və xüsusi təyinatlı sərnişin daşımalarını təmin etməkdirsə, şəhər mobilliyinin inkişafı baxımından müsbət və perspektivli addım kimi qiymətləndirilə bilər:
"Dünyanın bir çox inkişaf etmiş şəhərlərində bu cür mikroavtobuslar ictimai nəqliyyat sistemini tamamlayan əlavə xidmət kimi fəaliyyət göstərir və əsasən sərnişinlərin metro, avtobus, dəmir yolu və digər nəqliyyat növlərinə rahat inteqrasiyasını təmin edir. Belə yanaşma təkcə insanların rahatlığını artırmır, həm də şəxsi avtomobillərdən istifadəni azaltmaqla şəhər yollarındakı nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərir. Mənim fikrimcə, bu mikroavtobuslar ilk növbədə metro stansiyalarından ətraf yaşayış massivlərinə sərnişinlərin daşınmasını təmin edən “son kilometr” xidmətinə yönəldilməlidir. Çünki bir çox hallarda insanlar metrodan düşdükdən sonra evlərinə və ya iş yerlərinə çatmaq üçün kifayət qədər məsafə piyada getməli olur və bu səbəbdən ictimai nəqliyyatdan istifadə əvəzinə şəxsi avtomobilə üstünlük verirlər. Xüsusilə "Koroğlu", "20 Yanvar", "Əhmədli", "İnşaatçılar", "Dərnəgül" və digər sərnişin axınının yüksək olduğu nəqliyyat qovşaqlarında belə xidmətlərin təşkili ictimai nəqliyyatın cəlbediciliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Bununla yanaşı, iri avtobusların hərəkət etməkdə çətinlik çəkdiyi dar küçələrdə və sıx yaşayış massivlərində də mikroavtobuslardan istifadə daha məqsədəuyğun olardı. Belə marşrutlar məhəllədaxili nəqliyyat əlaqəsini gücləndirərək sakinlərin əsas avtobus xətlərinə və metro stansiyalarına daha rahat çatmasını təmin edə bilər. Bu, xüsusilə yaşlı insanlar, əlilliyi olan şəxslər, uşaqlı ailələr və gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün böyük üstünlük yaradar. Digər vacib istiqamətlərdən biri böyük xəstəxana kompleksləri, reabilitasiya mərkəzləri, parklar, bulvar ərazisi, iri ticarət mərkəzləri və çoxmərtəbəli parklanma məntəqələri ilə ictimai nəqliyyat qovşaqları arasında servis xidmətlərinin təşkilidir. Həmçinin konsertlər, idman yarışları, sərgilər və digər kütləvi tədbirlər zamanı insanların təhlükəsiz və operativ daşınması üçün ödənişsiz mikroavtobuslardan istifadə şəhərdaxili hərəkətin daha səmərəli təşkilinə kömək edə bilər".

Müsahibimiz vurğuladı ki, bu layihənin uğurlu olması üçün ən vacib şərtlərdən biri mikroavtobusların mövcud avtobus marşrutlarını təkrarlamamasıdır.
"Əgər onlar artıq fəaliyyət göstərən xətlərlə eyni istiqamətdə işləyəcəksə, bu, həm resursların səmərəsiz istifadəsinə, həm də sərnişin axınının bölünməsinə səbəb ola bilər. Əsas məqsəd mövcud ictimai nəqliyyata alternativ yaratmaq deyil, onu tamamlayan qidalandırıcı (feeder) marşrutlar formalaşdırmaq olmalıdır. Belə olduqda sərnişinlər yaşayış məntəqələrindən rahat şəkildə metroya və əsas avtobus marşrutlarına çatacaq, ictimai nəqliyyatın ümumi səmərəliliyi yüksələcək, şəxsi avtomobillərdən asılılıq azalacaq və şəhərdə tıxacların azalmasına mühüm töhfə veriləcək. Bundan əlavə, belə xidmətlər ekoloji baxımdan da faydalıdır, çünki fərdi avtomobil səfərlərinin sayının azalması atmosferə atılan zərərli tullantıların həcmini də azaldır. Nəticə etibarilə, ödənişsiz mikroavtobuslar düzgün planlaşdırılmış marşrut şəbəkəsi, dəqiq hərəkət cədvəli, sərnişin tələbatına əsaslanan idarəetmə və digər ictimai nəqliyyat növləri ilə səmərəli inteqrasiya şəraitində tətbiq edilərsə, Bakıda ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi, şəhər mobilliyinin yaxşılaşdırılması, yol hərəkətində sıxlığın azaldılması və sakinlərin gündəlik hərəkət imkanlarının genişləndirilməsi istiqamətində mühüm nəticələr verə bilər", - deyə A.Nəbiyev yekunlaşdırdı.
NURİYYƏ













