Bakıda avtobus niyə yandı? - AÇIQLAMA 

 16:43 06.07.2026     758

Bu gün günorta saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobsus yanaraq kül olub. Daşıyıcı şirkətdən bildirilib ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib: “Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olması güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq”.

Redaktor.az-a danışan maşın ustası Sahil Ağabəylinin sözlərinə görə, istismar müddətini başa vurmuş avtobuslar hələ də şəhərdə fəaliyyət göstərirlər:

"Adətən, işıq cihazları ilə avtobuslar həddindən artıq yüklənir. Bu da akkumulyator və yaxud naqil sistemlərində əlavə yük yaradır. Zavod tərəfindən bir sağa, bir sola işıqlandırma qoyulubsa, baxırsan ki, sürücülər onu dörd və ya altı işıqlandırma ilə əvəz edirlər. Salonun içinə əlavə lampalar, arxa hissəyə əlavə işıqlar quraşdırırlar. Bunların hamısı standartlara uyğun olmayan işıqlardır və naqillərə, yəni şunurlara əlavə yük salan amillərdir".

Usta vurğuladı ki, avtobusun içərisində hərəkət zamanı sərnişinlər bəzən həmin naqilləri ayaqları ilə əzirlər:

"Nəticədə cərəyanla "massa" bir-birinə toxunduqda qısaqapanmalar baş verir. Bundan başqa, naqillər dəmir hissələrdən kustar üsulla çəkilib aparılır. Bunların hamısı yanğına səbəb ola biləcək amillərdəndir. Bu avtobuslarda yanğınlar əsasən katalizator və qluşitel nahiyəsində də baş verir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən