Sürətli yollara çıxan piyadalar islah işlərinə cəlb olunacaq? - AÇIQLAMA
Bakıda piyadaların həyatlarını təhlükəyə ataraq sürətli avtomobil yollarına çıxmasına tez-tez rast gəlinir. Belə hadisələrdən biri Heydər Əliyev prospektinin Sabunçu rayonu ərazisindən keçən hissəsində baş verib. Gənc oğlan dəmir məhəccərləri aşaraq avtomobillərin sürətlə hərəkət etdiyi yola özünü atıb. Onu vurmamağa çalışan sürücülər sürəti azaldaraq qəza şəraiti yaradıblar.
Bəs bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, kədərləndirici və xoşagəlməz hadisələrdən biridir:
"Çünki belə halların təkrarlanması ilə tez-tez qarşılaşırıq. Biz nəqliyyat mütəxəssisləri olaraq dəfələrlə mediada vurğulayırıq ki, insan həyatını təhlükəyə atmaq olmaz. Heç kəsi bu və ya digər formada riskə məruz qoymaq olmaz. İnsanların həyatı ilə oynamaq yolverilməzdir. Təəssüf ki, bütün bu çağırışlara baxmayaraq, yenə də eyni xoşagəlməz hadisələr baş verir, insanlar yenə də öz bildikləri kimi davranırlar. Burada məsələnin mahiyyəti çox ciddidir. Çünki bu cür davranışlar insanların təhlükəsizlik düşüncəsinə mənfi təsir göstərir, eyni zamanda yol hərəkətinin təşkilində ciddi problemlər yaradır. Ona görə də bu kimi halların qarşısının alınması istiqamətində daha təsirli tədbirlərə ehtiyac var. İnsanlar nəqliyyat axınının intensiv olduğu ərazilərdə son dərəcə diqqətli olmalı, lazımsız risklərdən yayınmalıdırlar. Hər kəs öz həyatının məsuliyyətini dərk etməli, digər hərəkət iştirakçılarına təhlükə yarada biləcək addımlardan çəkinməlidir. Heç kəs yol hərəkəti iştirakçılarının həyatını riskə atan davranışlara rəvac verməməlidir".

Onun fikrincə, belə hallara yol verən şəxslər barəsində təkcə cərimə və ya inzibati tənbeh tədbirləri ilə kifayətlənmək olmaz:
"Onlar daha ciddi məsuliyyətə cəlb edilməlidirlər. Məsələn, müəyyən müddət ictimai və ya islah işlərinə cəlb olunmaları insanların bu davranışların nəticələrini daha yaxşı dərk etməsinə kömək edə bilər. Onlar başa düşməlidirlər ki, digər hərəkət iştirakçılarını təhlükəyə atmaq, onların həyatını qaraltmaq nə deməkdir. Bütün bunlar yol hərəkəti təhlükəsizliyi baxımından ən mənfi tendensiyalardan biridir və bu cür halların qarşısının alınması hər birimizin ümumi məsuliyyətidir".
Xədicə BAXIŞLI













