Bakıda ağcaqanadlar niyə artıb? - Ekoloq səbəbləri AÇIQLADI
Son günlər sosial şəbəkələrdə və vətəndaşlar arasında ağcaqanadların sayının əvvəlki illərlə müqayisədə xeyli artdığı ilə bağlı fikirlər səsləndirilir.
Bəs ağcaqanadların kütləvi şəkildə artmasının əsas ekoloji səbəbləri nələrdir? Bu vəziyyətə iqlim dəyişikliyi, havaların isti keçməsi, yağıntılar və ya durğun su hövzələrinin artması nə dərəcədə təsir göstərir?
Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirdi ki, əslində əvvəlki illərlə müqayisədə ağcaqanadların sayı daha çox olurdu:
"Bunun əsas səbəbi binaların zirzəmilərində suyun toplanması, çirkli gölməçələrin, durğun suların və çirkab axıntılarının çox olması idi. Ağcaqanadların çoxalması üçün əsas mühit məhz çirkli və durğun sulardır. Vaxtilə Bakıda bu cür şərait daha geniş yayılmışdı və buna görə də ağcaqanadların sayı çox olurdu. Bu il isə onların artmasının əsas səbəbi yağıntıların bol olmasıdır. Güclü və davamlı yağışlar təkcə ağcaqanadların deyil, müxtəlif həşəratların, o cümlədən kəpənəklərin və digər zərərvericilərin sayının artmasına şərait yaradır. Yağıntılar təbiət üçün faydalı olsa da, belə halların yaranmasına da səbəb ola bilir".

Müsahibimiz qeyd etdi ki, ağcaqanadların çoxalmasına həm ətraf mühitin çirklənməsi, həm də durğun suların və gölməçələrin yaranması təsir göstərir:
"Bu, adətən mövsümi xarakter daşıyan bir haldır. İnsanlara narahatlıq yaratsa da, bununla mübarizə aparmaq mümkündür. Bələdiyyələr və icra hakimiyyətləri dezinfeksiya və dərmanlama işləri aparmaqla ağcaqanadların sayını azalda bilirlər və bu üsul hazırda ən effektiv vasitələrdən biridir. Narahat olmağa ciddi əsas yoxdur. Qarşıdakı aylarda durğun sular, gölməçələr və çirkli ərazilər vaxtında təmizlənər, eyni zamanda dərmanlama tədbirləri davam etdirilərsə, ağcaqanadların və digər zərərli həşəratların sayı azalacaq. Durğun suların dərmanlanması insanlar üçün təhlükə yaratmır. Əksinə, bu tədbirlər ağcaqanadların və digər zərərli həşəratların məhv edilməsinə xidmət edir".
Xədicə BAXIŞLI













