Piyadaların bu hərəkəti onlarla sürücünü təhlükə ilə üz-üzə qoyur - AÇIQLAMA
"Vətəndaşların piyada keçidi olmadan avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxmaları təkcə həmin piyadanın deyil, eyni zamanda onlarla sürücünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır. Xüsusilə Heydər Əliyev prospekti kimi yüksək sürət rejimi tətbiq olunan magistral yollarda piyadanın qəfil hərəkət zolağına çıxması çox ağır nəticələrə səbəb ola bilər. Bu kimi halların qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir".
Bu barədə Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev paytaxtda Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində piyadaların piyada keçidi olmadan yol keçməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, ilk növbədə piyada keçidlərinin əlçatanlığı artırılmalı, yerüstü və yeraltı keçidlər insanların hərəkət istiqamətinə uyğun yerləşdirilməli və onların istifadəsi rahat olmalıdır:
"Keçidə çatmaq üçün uzun məsafə qət etmək məcburiyyəti insanların qayda pozmasına səbəb olur. Bununla yanaşı, magistral yollar boyunca quraşdırılan mühafizə məhəccərləri aşılması çətin olan konstruksiyalarla əvəz edilməli, mövcud boşluqlar aradan qaldırılmalıdır. Maarifləndirmə tədbirləri də genişləndirilməli, insanlara bir neçə dəqiqəyə qənaət etmək istəyinin həyatlarını təhlükəyə atdığı davamlı şəkildə izah olunmalıdır".

Ekspert qeyd etdi ki, riskli ərazilərdə müşahidə kameraları və patrul nəzarəti gücləndirilməli, qayda pozuntularına operativ reaksiya verilməlidir:
"Eyni zamanda, sürücülər də magistral yollarda gözlənilməz halların baş verə biləcəyini nəzərə alaraq daim diqqətli olmalı, təhlükəsiz sürət və ara məsafəsini qorumalıdırlar. Unutmaq olmaz ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da məsuliyyətidir. Piyada yol hərəkətinin tamhüquqlu iştirakçısıdır və müəyyən olunmuş qaydalara əməl etməyə borcludur. Bir nəfərin düşünülməmiş hərəkəti zəncirvari yol-nəqliyyat hadisəsinə, çoxsaylı xəsarətlərə və hətta insan ölümünə səbəb ola bilər. Buna görə də bu problemin həlli təkcə infrastrukturun təkmilləşdirilməsi ilə deyil, həm də effektiv nəzarət və davamlı maarifləndirmə tədbirlərinin birlikdə həyata keçirilməsi ilə mümkündür".
Xədicə BAXIŞLI













