Yayda bahalaşan xiyar: Qiymətlər nə vaxt enəcək? - CAVAB
Bakıda və bölgələrdə xiyarın qiyməti yüksəkdir. Hazırda xiyarın 1 kiloqramı 2 manata satılır. Sakinlər isə bildirirlər ki, yayın ortasında xiyar ucuz olmalıdır.
Bəs bu bahalaşmada səbəb nədir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a bildirdi ki, yayın ortasında xiyarın qiymətinin yüksək olması bir neçə amillə bağlı ola bilər.
Onun sözlərinə görə, səbəblərdən biri son aylarda hava şəraitinin qeyri-sabit keçməsi və yüksək temperaturun məhsuldarlığa mənfi təsir göstərməsidir.
"Bəzi bölgələrdə məhsulun həcminin azalması bazarda təklifin məhdudlaşmasına, nəticədə qiymətlərin artmasına səbəb olur. Digər amil istehsal xərclərinin artmasıdır. Suvarma, gübrə, yanacaq, nəqliyyat və əmək xərclərinin yüksəlməsi məhsulun maya dəyərini artırır və bu da satış qiymətlərinə təsir edir. Eyni zamanda, bəzi təsərrüfatlarda yaz mövsümünün məhsulu başa çatdığı, açıq sahələrdə yetişən məhsul isə hələ bazara tam həcmdə çıxmadığı üçün bazarda müvəqqəti təklif çatışmazlığı yarana bilər".

Akif Nəsirlinin sözlərinə görə, əgər yaxın həftələrdə açıq sahələrdən məhsul tədarükü artsa və hava şəraiti əlverişli keçsə, bazarda təklif çoxalacaq və xiyarın qiymətində tədricən ucuzlaşma müşahidə oluna bilər:
"Buna görə mövcud bahalaşmanın daha çox mövsümi və bazardakı tələb-təklif balansı ilə əlaqəli olduğu qiymətləndirilir".
Aytəkin TOFİQQIZI













