1 qəpiklik kampaniyaların sirri açıldı: Yumurta niyə bahalaşır?

 16:25 07.07.2026     1743

Bildiyimiz kimi, qısa müddət əvvəl bəzi satış şəbəkələrində yumurta hətta 1 qəpiyə də təklif olunurdu. Lakin hazırda bəzi marketlərdə yumurtanın qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Məsələn, "Rahat" marketlər şəbəkəsində sarı yumurta 19 qəpik, ağ yumurta isə 17 qəpiyə satılır.

Bəs yumurta qiymətlərində baş verən bu artımın əsas səbəbləri nələrdir?

İqtisadçı Günay Hüseynova Redaktor.az-a açıqlamasında bildirdi ki, marketlərdə yumurtanın müəyyən dövrlərdə, hətta 1 qəpiyə satışa çıxarılması marketinq siyasətinin tərkib hissəsi ola bilər:

"Bu cür kampaniyalar bəzən bazarda rəqibləri sıxışdırmaq, hər hansı yumurta istehsalçısının mövqeyini zəiflətmək məqsədi daşıyır. Digər tərəfdən, məhsulun son istifadə müddəti yaxınlaşdıqda da belə endirimlər tətbiq oluna bilər. Lakin indiyədək yumurtanın 1 qəpiyə satılması kimi kəskin endirimə demək olar ki, rast gəlinməyib. Çünki bu qiymət məhsulun maya dəyərindən dəfələrlə aşağıdır. Düşünürəm ki, qeyd etdiyim səbəblər arasında ən önəmlilərindən biri bazarda digər istehsalçıların rəqabət imkanlarını zəiflətmək cəhdidir. Hazırda marketlərdə yumurtanın 17-19 qəpiyə satılmasına gəlincə, hesab edirəm ki, bu qiymətlər mövsümi xarakter daşıyır".

O qeyd etdi ki, payız və xüsusilə qış aylarında yumurtanın qiymətinin yenidən artacağı gözlənilir:

"Proqnozlara görə, qiymət 30-32 qəpik civarında ola bilər, minimum isə 27 qəpik səviyyəsində gözlənilir. Bunun əsas səbəbi toyuqların yumurtlama məhsuldarlığının fəsillərə görə dəyişməsidir. Yay aylarında yumurtlama daha intensiv olur, qışda isə məhsuldarlıq azalır. Hazırkı qiymətlər də məhz bu amillə bağlıdır. Bundan əlavə, qiymətə tələb və təklif amili də təsir göstərir. Yumurta tez xarab olan məhsullardandır və uzun müddət anbarda saxlamaq mümkün olmur. Eyni zamanda, bu məhsula tələbat daim yüksəkdir. Məhz buna görə də hazırda bazar və marketlərdə müşahidə olunan 17–19 qəpiklik qiymətlər mövsümə uyğun formalaşıb. Payız və qış aylarından etibarən isə qiymət artımı gözlənilir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən