"Kəndli öz torpağında ağacı da məmurun razılığı ilə kəsməlidir" - AÇIQLAMA
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov parlamentdə məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların götürülməsi ilə bağlı qanun dəyişikliyini tənqid edib.
Ekspert Redaktor.az-a bildirib ki, torpaq xüsusi mülkiyyətdədirsə və vətəndaşa paylanıbsa, həmin ərazidə hansı işlərin görüləcəyinə torpaq sahibi qərar verməlidir:
"Torpaq sahibkarındırsa, onun xüsusi mülkiyyətindədirsə, ona pay edilibsə, o torpaqda nəyi etmək, necə etmək birbaşa mülkiyyətçinin səlahiyyətidir. Bizim kəndlilərə hər hansı bir iş görəcəyi halda mütləq məmurların razılığı lazımdır".

Vahid Məhərrəmovun sözlərinə görə, yeni yanaşma nəticəsində hansı kolluğun kəsilib-kəsilməyəcəyinə məmurlar qərar verəcək:
"Amma kəndliyə ağac və yaxud da kolluq mane olur, olmur, ümumi məhsuldarlığa təsir edir, etmir, bu, məmuru maraqlandırmır. Mən hesab edirəm ki, torpaq kəndlinin olduğu halda, torpaq pay verildiyi halda, o sahədə hər hansı bir kolluq, ağaclar varsa, kəndli onları ləğv edə bilər. Yəni aradan götürə bilər. Texnika manevr edəndə hər hansı bir halda maneçilik olanda bu, onun səlahiyyətindədir. O, əkin sahəsini təmizləməlidir ki, əkini və yaxud da əgər meyvə bağıdırsa, orada texnika azad şəkildə hərəkət edə bilsin".
Aytəkin TOFİQQIZI













