Marketlərdə sellofan qiymətləri 9 qəpik oldu - Səbəb nədir?
Bir sıra supermarketlərdə sellofan (polietilen) paketlərin qiyməti yenidən artırılıb. Hazırda paketlər ölçüsündən asılı olaraq 7 və 9 qəpiyə satılır. Hansı ki, 3-4 gün əvvələ qədər 5 və 7 qəpiyə təqdim olunurdu.
Paketlərin qiymətinin yenidən bahalaşmasının səbəbləri nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, qiymətləri marketlər özləri müəyyənləşdirirlər:
"Bu, bazar iqtisadiyyatının tələbləridir. Marketlər sellofan paketləri təchizatçılardan aldıqları qiymətin üzərinə öz ticarət marjasını əlavə edərək satışa çıxarırlar. Necə ki, digər məhsulları, çörəyi, yağı, yumurtanı və ya əti satırlar, sellofan paket də onlar üçün adi satış məhsuludur. Qanunvericilik marketlərə sellofan paketləri maya dəyərinə satmaq və ya pulsuz vermək öhdəliyi qoymur. Buna görə də təchizatçıdan alış qiyməti artdıqda, marketlər də bunu satış qiymətinə əks etdirə bilirlər və əlavə olaraq öz mənfəət marjalarını tətbiq edirlər. Burada əsas məqsəd qiymət artımından çox ekoloji siyasətlə bağlıdır. Hökumətin yanaşması ondan ibarətdir ki, ödənişli paketlər vasitəsilə onların istifadəsi azalsın, insanlar təkrar istifadə olunan çantalar və ya öz torbalarından istifadə etməyə üstünlük versinlər. Məqsəd plastik tullantıların həcmini azaltmaq və ətraf mühitə mənfi təsiri minimuma endirməkdir.
.jpg)
Nazik sellofan paketlər isə, məsələn, meyvə-tərəvəz üçün istifadə olunan paketlər, mövcud qaydalara əsasən adətən ödənişsiz təqdim olunur. Ödəniş daha çox müəyyən qalınlıq standartından yuxarı olan plastik paketlərə şamil edilir. Qiymət artımının səbəblərindən biri də təchizatçıların satış qiymətlərini yüksəltməsi ola bilər. Marketlər isə həmin artımı son istehlak qiymətinə ötürür və üzərinə öz ticarət əlavəsini qoyurlar. Bununla yanaşı, onlar paket satışından da gəlir əldə etmək hüququna malikdirlər. Lakin sosial tərəfi də nəzərə almaq lazımdır. Sellofan paketlərin pullu olması ekoloji baxımdan müsbət addım sayılsa da, bu əlavə xərc xüsusilə aztəminatlı ailələr, pensiyaçılar və tələbələr üçün müəyyən maliyyə yükü yarada bilər. Buna görə də ən məqsədəuyğun variant təkrar istifadə oluna bilən parça və ya digər ekoloji çantalardan istifadəni genişləndirməkdir".
NURİYYƏ













