Bakının daha hansı küçələrində velosiped svetoforları olacaq? - AÇIQLAMA
Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan svetoforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Bəs yenilik baş verən qəzaların azalmasına necə təsir edəcək? Daha hansı yollarda velosiped bölməsi quraşdırıla bilər?
Nəqliyyat eksperti Adil Nəbiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, paytaxtın 19 yolayrıcında svetoforlara 42 ədəd velosiped bölməsinin quraşdırılması mikromobillik istifadəçilərinin təhlükəsizliyinin artırılması istiqamətində mühüm addımdır:
"Siyahıya daxil edilən Rəşid Behbudov küçəsi, Vaqif prospekti, Şəfayət Mehdiyev küçəsi, Mətbuat prospekti, Həsən bəy Zərdabi prospekti kimi ərazilər həm avtomobil, həm də velosiped və elektrik skuteri hərəkətinin intensiv olduğu yol qovşaqlarıdır. Bu nöqtələrdə ayrıca velosiped işıqforlarının tətbiqi velosipedçilərlə avtomobillər arasında, xüsusilə dönmə manevrləri zamanı baş verən toqquşma riskini azalda, hərəkətin daha nizamlı təşkilinə və bütün hərəkət iştirakçıları üçün proqnozlaşdırılan mühitin formalaşmasına kömək edə bilər. Lakin qəzaların azalması yalnız bu yenilikdən asılı deyil. Velosiped svetoforlarının effektiv işləməsi üçün onların fasiləsiz velosiped zolaqları ilə əlaqələndirilməsi, yol nişanlanmalarının aydın olması, sürücülərin və mikromobillik istifadəçilərinin maarifləndirilməsi, həmçinin qaydalara nəzarətin gücləndirilməsi vacibdir".

Həmsöhbətimiz digər hansı yollarda velosiped bölmələrinin quraşdırılmalı olduğunu da qeyd etdi:
"Gələcək mərhələdə bu cür velosiped bölmələrinin Tbilisi prospekti, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospektinin uyğun hissələri, Neftçilər prospekti, Babək prospekti, 8 Noyabr prospekti, həmçinin metrostansiyalar, universitetlər, parklar və Bulvar ətrafında yerləşən velosiped marşrutlarının kəsişmələrində də tətbiqi məqsədəuyğun olardı. Bununla yanaşı, hər bir yeni velosiped svetoforunun tətbiqindən sonra həmin ərazilərdə qəza statistikası və hərəkətin təşkilinə təsiri mütəmadi təhlil edilməli, əldə olunan nəticələr əsasında infrastruktur daha da təkmilləşdirilməlidir. Yalnız kompleks yanaşma nəticəsində Bakıda velosiped və digər mikromobillik vasitələrinin təhlükəsiz, rahat və davamlı istifadəsini təmin etmək mümkün olacaq".
Aytəkin TOFİQQIZI













