AQTA-nın yoxlamasından sonra mühüm xəbərdarlıq: Meyvə şirəsini belə seçin

 17:30 10.07.2026     346

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib. 

Nəticədə meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb. Eyni zamanda nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları müəyyən edilib.

Bəs rəngləyici maddələr hansı riskləri yaradır? Alıcılar təbii meyvə şirəsini süni əlavələrdən necə fərqləndirə bilərlər?

Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, meyvə şirəsi və nektar məhsullarında istifadəsinə icazə verilməyən rəngləyici maddələrin aşkarlanması qida təhlükəsizliyi baxımından ciddi siqnaldır:

"Qida məhsullarında yalnız normativ sənədlərlə icazə verilmiş və müəyyən edilmiş miqdarda qida əlavələrindən istifadə olunmalıdır. Mənşəyi məlum olmayan və ya istifadəsinə icazə verilməyən rəngləyici maddələr allergik reaksiyalar, həzm sistemi pozğunluqları və xüsusilə həssas insanlar, uşaqlar üçün sağlamlıq riskləri yarada bilər. Bununla yanaşı, istehsal müəssisələrində sanitariya-gigiyena qaydalarının pozulması məhsulun mikrobioloji cəhətdən çirklənmə riskini artırır. Bu isə qida zəhərlənmələri və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Ona görə də istehsal prosesində gigiyenik tələblərə ciddi əməl olunması böyük əhəmiyyət daşıyır".

Ekspert bildirdi ki, istehlakçılar meyvə şirəsini seçərkən ilk növbədə məhsulun etiketini diqqətlə oxumalıdırlar:

"Tərkib hissəsində meyvə payına, əlavə şəkər, rəngləyici və dadlandırıcıların olub-olmamasına diqqət yetirmək lazımdır.

Həmçinin məhsulu yalnız etibarlı satış məntəqələrindən almaq, qablaşdırmanın bütöv olmasına, istehsal və son istifadə tarixinə diqqət yetirmək vacibdir. Meyvə şirəsinin rənginin həddindən artıq parlaq və qeyri-təbii olması onun mütləq süni qatqılarla hazırlandığını göstərmir, eyni zamanda təbii görünüş də məhsulun tam təhlükəsiz olduğuna zəmanət vermir. Ən etibarlı məlumat mənbəyi məhsulun düzgün etiketlənməsi və onun qida təhlükəsizliyi tələblərinə uyğun istehsal edilməsidir".

Fərid Səfərov sonda diqqətə çatdırdı ki, bir mütəxəssis olaraq bu cür şirələrin qəbulunu tövsiyə etmir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən