"Elektron reseptin uğuru tətbiq mexanizmindən asılı olacaq" - Adil Qeybulla
Elektron resept sisteminin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir. Milli Məclisdə müzakirə olunan layihəyə əsasən, icbari tibbi sığorta çərçivəsində sığortaolunan şəxslərə dərman vasitələrinin elektron resept əsasında verilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu dəyişikliyin əsas detalları hələ tam məlum deyil:
"Bunu tətbiq zamanı görəcəyik. Mən vətəndaşın xeyrinə olan istənilən dəyişikliyi, qanunu, qanunvericilik aktını və qaydaları dəstəkləyirəm. Çünki bütün qanunlar və dövlətin həyata keçirdiyi bütün tədbirlər ona yönəlməlidir ki, vətəndaş bundan fayda götürsün, onun rifahı yüksəlsin. Əgər bu dəyişiklik vətəndaşın rifahını yaxşılaşdıracaq, onun gündəlik həyatında müsbət təsir göstərəcəksə, əlbəttə, biz də bu qaydaları və dəyişiklikləri dəstəkləyirik. Yox, əgər bu dəyişikliklər bürokratiyaya və bürokratik əngəllərin artmasına xidmət edəcəksə, təbii ki, onları yalnız tənqid etmək olar. Bu cür hallar məyusluq doğurur.
Ona görə də hesab edirəm ki, bir müddət gözləyək və həmin qanunların işlək mexanizminə baxaq. Təəssüf ki, bəzən qanunlar kağız üzərində çox gözəl görünür, amma tətbiq edildikdə tamamilə fərqli nəticələr verir".
Xədicə BAXIŞLI













